Erməni vandalizmi heç nə ilə müqayisə oluna bilməz

Erməni vandalizmi heç nə ilə müqayisə oluna bilməz
Miladın 455-ci ilində qədim və yaraşıqlı Roma şəhəri o zaman yerli əhalinin barbar adlandırdıqları yadelli tayfaların-vandalların hücumuna məruz qaldı.Şəhərə soxulan quldur dəstələr əhalini çapıb-talamaqla kifayətlənmir,mədəniyyət abidələrini,ictimai yerləri uçurub-dağıdır,incəsənət əsərlərinə divan tuturdular.Antik heykəltəraşların,ünlü arxitektorların yüzilliklərlə ərsəyə gətirdiyi heykəllər,məbədlər yerlə yeksan olurdu.Sonralar bu vəhşi akt tarixdə elə həmin tayfanın adıyla vandalizm istilahında öz əksini tapdı.
Zaman-zaman bəşəriyyətin üz qarası olan mədəniyyətdən uzaq,bir xalq kimi formalaşmamış kütlə bu qəddar aktı bu və ya digər səviyyədə təkrar etmişdir.Xalqımızın düçar olduğu və artıq başlanğıc tarixi qərinəni ötən sonuncu Qarabağ münaqişəsindən bizə yüzlərcə vandalizm nümunəsi,vəhşilik aktının təəssüratları qalmışdır.
Dənizdən-dənizə böyük Ermənistan yaratmağa çalışan bu cılız millətçilər bilərəkdən qədim-qayım yurdumuzun xalqımıza məxsus tarixi abidələrini məhv edir,onların bu miskin məqsədlərinə mane olan hər hansı tarixi faktı zorla da olsa tarixin dibsiz məzarlığına gömmək istəklərini həyata keçirirdilər.
Bu günlərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında bu məsələyə ciddi irad bildirilmiş,erməni vandalizminin tarixi köklərinin araşdırılmasıvə hüquqi-siyasi qiymət verilməsi məsələlərinə toxunmuşdur:
“Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu.
Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı.”
Həqiqətən də tarixi faktlar onu sübut edir ki, erməni rəsmiləri nəinki hərbi cinayətkarların axtarışı və ekstradisiyasını düşünmür,hətta qatilləri və vandalları şirnikləndirir.Belə olmasaydı soyqırımının təşkilatçısı olan Sarkisyan Xocalı müsibətini gözləməyən Azərbaycan xalqının sadəlövhlüyünü belə şəstlə söyləməzdi:”Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki,bizimlə zarafat etmək olar,onlar elə fikirləşirddilər ki,ermənilər dinc əhaliyə əl qaldırmazlar.Biz o stereotipi sındırdıq”.
Vandalizmin bariz nümunəsidir ki,ermənilər dünya tarixinin,sivilizasiyanın ilk ocaqlarından olan Azıx mağarasını cəbbəxanaya çevirmişdilər.Onlar kurqanları dağıdır,epiqrafik abidələri tankların,zirehli maşınların təkəri altında əzir,bir sözlə xalqımıza aid nə varsa məhv etməyə çalışırdılar.
Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdı. Bu abidələrin əksəriyyəti məhz erməni vandalizminin qurbanı olmuşdur.Təkcə onu qeyd edək ki,işğaldan azad etdiyimiz ərazilərdə tarixi izi olan 67 məsciddən yalnız ikisi salamat qalmışdır.
Erməni vandalizmi heç nə ilə müqayisə oluna bilməz.Füzuli şəhəri azad edilərkən bayraq sancmağa salamat bina və ya dirək tapmadıq,halbuki II Dünya müharibəsinin ən qanlı cəbhəsi olan Stalinqrad bir sıra ictimai və yaşayış binalarını hifz edə bilmişdi. Erməni vandalizmini faşizmlə müqayisə edənlər bu faktı nəzərə alaraq fikir yürütsələr daha rasional nəticə əldə edərlər.Əslində isə erməni vandalizmi faşizmdən qat-qat təhlükəli və antihumanistdir.
Lakin bu gün biz addım-addım,gündən-günə öz torpaqlarımıza qayıdırıq.Türkün dönüşü,qurdun dirilişi kimi…

Sabunçu rayonu, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov





Oxşar xəbərlər