1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında başlayan Birinci Qarabağ müharibəsi və ondan sonrakı 30 il ərzində Azərbaycanın Qarabağ bölgəsinin işğal altında saxlanılması nəticəsində onlarla kənd və şəhər xarabalığa çevrilmişdir. Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silməyə cəhd edib. Tarixi torpaqlarımızda bütün infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, ermənilər maddi mədəniyyət nümunələrini yox ediblər. 30 ilə yaxın müddət ərzində işğal altında olan şəhərlərimiz, kəndlərimiz tamamilə dağıdılıb. Belə dağıdılımış şəhərlərimizdən biri də Ağdam şəhəri idi. Ağdam şəhəri haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılır. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın inkişaf etmiş şəhərlərindən biri idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamın hər daşında, torpağında əsarətin, vandallığın, erməni faşizminin izləri görünür. Burada erməni vandalizminə məruz qalan tarixi tikililərdən biri Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi ermənilər tərəfindən təhqirə məruz qalıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı. Ən əsası isə, Ağdam rayonu kimi strateji bir ərazinin məhz bu cür azad edilməsi Azərbaycanın bu müharibədəki qəti qalibiyyətinin növbəti təsdiqinə çevrildi. Yerləşdiyi regionun iqtisadi-siyasi lideri olan Azərbaycan dövləti qısa zamanda Ağdam rayonunu yenidən inşa edir, illərdir yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımız üçün yüksək şərait yaradır.
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi cənab Prezident İlham Əliyevin Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa quruculuq işlərinə, bu ərazilərin sürətlə inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı tikinti quruculuq və bərpa işləri göstərir ki, keçmiş məcburi köçkünlər tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar. O gün çox uzaqda deyil.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
təsərrüfat işləri üzrə direktor müavini Vahidə Sultanova