ABŞ-də qalmaqallı Cefri Epşteyn işi ilə bağlı yeni sənədlər ictimaiyyətə açıqlanıb. ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən hazırlanmış və Ədliyyə Nazirliyi tərəfindən yayımlanan materiallarda Trampa qarşı irəli sürülmüş, lakin sübut olunmamış cinsi təcavüz iddiaları ilə bağlı müsahibələrin xülasəsi yer alır.Bu sənədlər əvvəlcə Ədliyyə Nazirliyinin məlumat bazasında görünmədiyi üçün ABŞ-da siyasi mübahisə yaranmışdı. Demokratlar sənədlərin qəsdən gizlədildiyini iddia etmişdi. Nazirlik isə açıqlama verərək bildirib ki, materiallar texniki səhv nəticəsində “dublikat kimi kodlaşdırıldığı” üçün təsadüfən nəzərdən keçirmə mərhələsində saxlanılıb. Yeni açıqlanan qeydlərdə 2019-cu ildə anonim bir qadınla aparılmış bir neçə müsahibənin xülasəsi yer alır. Qadın FTB agentlərinə bildirib ki, o, yeniyetmə yaşlarında – təxminən 13-15 yaşlarında olarkən Donald Trump və Cefri Epşteyn tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edir. Onun sözlərinə görə, 1980-ci illərdə Epşteyn vasitəsilə Tramp ilə tanış olub. Lakin sənədlərdə qeyd olunur ki, həmin dövrdə Tramp və Epşteynin bir-birini tanıyıb-tanımadığı dəqiq müəyyən edilməyib. Materiallara əsasən, FTB agentləri bu müsahibələrdən sonra qadınla əlavə əlaqə saxlamayıb.
Ağ Ev iddiaları qəti şəkildə rədd edib. Prezidentin sözçüsü Karoline Leavitt bildirib ki, iddialar “tamamilə əsassızdır və heç bir etibarlı dəlillə dəstəklənmir”.
Onun sözlərinə görə, əvvəlki Joe Biden administrasiyası dövründə də bu iddialar araşdırılıb, lakin Trampa qarşı hər hansı ittiham irəli sürülməyib. Açıqlanan materiallarda Trampın adı müxtəlif sənədlərdə və yazışmalarda minlərlə dəfə keçir. Lakin indiyə qədər Epşteyn qalmaqalının sağ qalan qurbanlarından heç biri Trampı birbaşa cinayətdə ittiham etməyib. Sənədlərə həmçinin Milli Təhdid Mərkəzinin qaynar xəttinə daxil olan zənglər əsasında tərtib edilmiş siyahılar da daxildir. Həmin siyahıda Tramp, Epşteyn və digər tanınmış şəxslərlə bağlı müxtəlif cinsi istismar iddiaları yer alır. Lakin bu məlumatların əksəriyyəti təsdiqlənməmiş və sübuta yetirilməmiş iddialardır. Materialların əvvəlki açıqlamalarda görünməməsi ABŞ mediasında müzakirələrə səbəb olub. FTB həmin müsahibələri Gislayn Maksvell barədə aparılan istintaq çərçivəsində həyata keçirmişdi. Maksvell 2022-ci ildə cinsi istismar cinayətlərinə görə məhkum olunub. Xatırladaq ki, ötən ilin noyabrında ABŞ Konqresi Ədliyyə Nazirliyindən Epşteyn istintaqı ilə bağlı bütün sənədlərin açıqlanmasını tələb edən qanun qəbul etmişdi. O vaxtdan bəri milyonlarla sənəd ictimaiyyətə təqdim olunub.(Musavat.com)