1993- cü il oktyabrın 3- də Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın inkişaf tarixində yeni yol açdı. Heydər Əliyev hələ SSRİ dövründə (1969-1982) Azərbaycana rəhbərliyi zamanı iqtisadi-sosial sahədə böyük uğurlar əldə etmişdir. Bu uğurlar dövlət idarəçiliyin gücləndirilməsi, kadr sahəsində keçirilən islahatlar nəticəsində mümkün olmuşdur. Bu siyasətin davamı Heydər Əliyevin prezidentliyi dövründə də uğurla davam etdirilmişdir.
Ümumilli Lider andiçmə mərasimində verdiyi bütün vədləri yerinə yetirmiş, andına sadiq qaldığını sübut etmişdir. Dərhal bütün sahələrdə ciddi islahatlar keçirildi, ölkənin sosial, iqtisadi, içtimai-siyasi həyatında, beynəlxalq əlaqələrində əsaslı dəyişikliklər edildi. Həmçinin dövlət çevrilişinin qarşısı alınmış, ordu quruculuğunda ciddi addımlar atılmışdır.
Çətin dönəmdən keçmiş Azərbaycan xalqı Heydər Əliyevə xilaskar kimi baxırdı. O, hakimiyyəti dövründə öz xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəldiyini sübut etdi. 1994-cü ildə Ermənistan-Azərbaycan münaqişəsində cəbhə xəttində atəşkəs elan edilməsinə nail oldu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini bütün dünyaya tanıtdı. Münaqişənin Azərbaycanın xeyrinə həll edilməsi, ərazi bütövlüyünün bərpa edilməsi xarici siyasətimizin əsasında dururdu. Onun siyasətinin davamı olaraq varisinin dövründə münaqişə Azərbaycanın xeyrinə həll edildi.
1998-ci ildə respublikada ölüm hökmünün ləğvi Ulu Öndərin humanist siyasətinin göstəricisidir. Həmin ildə keçirilən prezident seçkilərində Heydər Əliyev yüksək səs çoxluğu ilə yenidən prezident seçilmişdir. Ümumilli Lider ikinci prezidentlik dövründə də uğurlu siyasətini davam etdirmişdir. Ölkənin inkişafı üçün hərtərəfli dəyişikliklərin edilməsinin vacibliyinə prinsipial yanaşaraq bütün sahələrdə əsaslı dəyişiklik etdi. Xüsusilə neft və qaz sektorunda imzalanan müqavilələr Azərbaycanın uzunmüddətli inkişafı üçün şərait yaratdı. Prezidentliyi dövründə Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət hazırda da uğurla davam etdirilir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə