Tarixi ədaləti bərpa etmiş Azərbaycan

Tarixi ədaləti bərpa etmiş Azərbaycan Tarixin sübut etdiyi faktlardan biri odur ki, torpaqdan pay olmur. Əgər sənin olan torpaqlar əlindən alınırsa və bu xüsusi amansızlıq və ədalətsizliklə həyata keçirilirsə, bu artıq həmin nəslin olmasa belə ondan sonra gələn nəsillərin yeni bir missiyasının olduğuna dəlalət edir. 2020-ci il bu missiyanın həyata keçirilməsi ili oldu.

Azərbaycan xalqı tarixi ədalətin bərpasını öz ordusu və yenilməz gücü ilə bacardı. 1988-1994-cü illəri əhatə edən I Qarabağ müharibəsi illərində Azərbaycan xalqının yaşadığı mənəvi-psixoloji sarsıntılar, maddi zərərlər keçən 30 il ərzində sadəcə qabıq bağlamış bir yaraya çevrilmişdi. İki müharibəni təhlil etdiyimiz zaman onlar arasında bir çox fərqlərin olduğunu görürük. Birincisi I Qarabağ müharibəsi zamanı Azərbaycan xalqı özünə dost hesab etdiyi və illərlə birgə yaşadığı qarşı tərəfdən bu vəhşilikləri gözləmirdi, çünki düşmən illərlə öz məqsəd və maraqlarını gizlətməyi, özünü tamam başqa cilddə göstərməyi bacarmışdı. O səbəbdəndə baş verən hadisələr Azərbaycan xalqı üçün eyni zamanda gözlənilməz “dost” zərbəsi idi.

II Qarabağ müharibəsi başladıqda isə ilkinin əksi olaraq artıq xalq düşməninin kim olduğuna və onun nələrə qadir olduğuna bələd idi və keçən illər ərzində aparılan təbliğat nəticəsində kiçiyindən böyüyünə hər kəsin ürəyi bir gün tarixi ədalətin bərpası arzusu ilə döyünürdü. İkinci bir fərq o idi ki, I Qarabağ müharibəsində Azərbaycanın nəinki peşəkar heç ordusu belə yox idi, gözlənilməz xətlə inkişaf edən hadisələr fonunda özünü müdafiə məqsədi ilə batalyonlar yaradılır, xalq özü özünü kustar üsullarla müdafiə etməyə çalışırdı və bütün bunların hansı faciələrə yol açdığını hər birimiz yaxşı bilirik.

II Qarabağ müharibəsində isə Azərbaycanın müasir, peşəkar, dünya orduları içində seçilən güclü ordusu var idi və bu ordu hər bir təchizatla, müasir silahlarla təmin olunmuşdu. Ordumuz peşəkar hərbiçilərimizin hazırladığı xüsusi planlar və hərbi taktikalarla irəliləyirdi. Keçən illər ərzində ordu quruculuğunda həyata keçirilən işlər, yenilməz Azərbaycan ordusu, Azərbaycan zabiti və Azərbaycan əsgəri fikri artıq öz təstiqini tapmış oldu. Digər və ən əsas məsələlərdən biri vahid komandanlığın olması məsələsidir. I Qarabağ müharibəsi zamanı ölkə daxilində baş verən qütbləşmə, hakimiyyət davası, xalqın başsız qalması vəziyyəti ağırlaşdıran ən əsas amillərdən biri olmuş, xalq kimə güvənəcəyini, kimdən dəstək ala biləcəyi məsələlərində çarəsiz bir vəziyyətdə qalmışdı. II Qarabağ müharibəsində isə bunun tam əksi olaraq vahid komandanlıq, xalqın güvəndiyi hakimiyyətin olması amili, hakimiyyət tərəfindən hərbi əməliyyatların gedişində verilən ardıcıl məlumatlar xalq və hakimiyyətin birgə mübarizə faktorunu gücləndirmişdir.

II Qarabağ müharibəsində ilkinin əksi olaraq dünyaya öz haqq səsimizi çatdırmağı hadisələrin gedişi zamanı faktlarla və Prezident İlham Əliyevin verdiyi müsahibələrlə daha çox bacardıq. I Qarabağ müharibəsində olduğu kimi dünyada Azərbaycanın imicinə zərbə vuran yanlış informasiyaların yayılmasına bu müharibədə izin verilmədi.

Tarix fəlsəfəsi sübut edir ki, zənginliyi ilə seçilən xalqların müharibə ocaqlarına çevrilməsi və daim hücum obyekti olması qaçınılmazdır. Azərbaycan xalqı illərlə müxtəlif müharibələr görüb, hər dəfəsində bir çox haqsızlıqlara məruz qalıb. Bunun ən əsas səbəbinin millət olaraq formalaşma prosesimizin ləng inkişafında görürəm, ancaq iştirakçısı olduğumuz heç bir müharibədə bu 44 günlük müharibədə olduğu kimi bir ürək, bir yumruq olmağımız faktı olmayıb. Əgər bu müharibədə Azərbaycan zabiti, əsgəri cəbhədə can qoyurdusa bunun səbəbi o idi ki, o bilirdi ki, 10 milyon Azərbaycan xalqı hamısı onun yanındadır. Tək ölkəmizdə yox, xaricdə yaşayan həmvətənlərimizin də bu müharibədə öz xalqı ilə necə can bir qəlb olmasını gördük. Prezident İlham Əliyevin öz

çıxışlarında hər dəfə vurğuladığı “Qarabağın azad olunması bizim üçün hər şeydən öncə tarixi ədalətin bərpasıdır” fikri əsas şüara çevrilmişdir. Bu ədaləti bərpa etməyi Azərbaycan xalqı və yenilməz Azərbaycan ordusu bacardı.

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin

tarix müəllimi Xəyalə Əsgərli


Oxşar xəbərlər