“Üçbaşlı əjdaha”: “Zirə”, “İnter” və “Qəbələ”...

“Üçbaşlı əjdaha”: “Zirə”, “İnter” və “Qəbələ”... Bu gün meydana çıxacaq klublarımız Avroliqada mübarizəni davam etdirmək üçün meydanda döyüşməlidirlər

Bu gün UEFA Avropa Liqasının II mərhələsində “Zirə”, “İnter” və “Qəbələ” növbəti mərhələyə keçmək üçün həlledici oyuna çıxacaq.

“Zirə” Rumıniyanın “Astra” komandasını qəbul edəcək. “İnter” Lüksemburqda “Fola”nın, “Qəbələ” isə Polşada “Yagelloniya”nın qonağı olacaq. Çempionlar Liqasındakı ümidimiz “Qarabağ” III təsnifat mərhələsinə rahat keçsə də, bu gün meydana çıxacaq klublarımız Avroliqada mübarizəni davam etdirmək üçün meydanda döyüşməlidirlər.
“Zirə” “Astra”nı keçə bilər, amma...

“Zirə”nin rəqib meydanda Rumıniyanın “Astra” klubuna 1:3 hesabı ilə uduzmasına baxmayaraq, növbəti mərhələyə keçmək şansını saxlayır. “Zirə” ilk təsnifat mərhələsində çox yaxşı təsir bağışladı. “Astra” ilə rəqib meydanındakı oyun məncə, ciddi mübarizə şəraitində keçmədi və bu, daha çox Rumıniya klubunun işinə yaradı. “Zirə”nin ilk mərhələdə hücum futboluna meylli olsa da, “Astra” ilə oyunda hesabı bərabərləşdirdikdən sonra heç-heçə haqda daha çox düşündüyü nəzərə çarpdı. Gənc məşqçi Ayxan Abbasovun rəqib meydanında əlverişli hesabı qoruyub saxlamaq istəyi əlbəttə ki, başadüşüləndi. “Astra” isə bu taktikadan azsaylı olsa da azarkeşlərinin də dəstəyi sayəsində öz xeyrinə istifadə etməyə çalışdı. İkinci hissənin əvvəlində Alexandru Dandeanın vurduğu qoldan sonra şəxsən bəndəniz “Qəbələ”nin oyununa baxmalı oldu. Amma son hissəni təxminən 20-25 dəqiqəsini tam izləmək imkanı oldu ki, “Zirə” sona 15 dəqiqə qalmış daha bir top buraxdı.
“Astra”nın oyunçularının fiziki cəhətdən bu oyuna daha hazırlıqlı olduğunu da qeyd etmək lazımdır. Bu da Rumıniyada çempionata qızğın hazırlıqla (artıq ilk tur keçirilib) əlaqədardır.

Azərbaycanda isə milli çempionat başlamayıb, klublar yalnız son həftələr ciddi məşqlərə başlayıblar ki, bunun da mənfi təsiri hiss olunmaqdadır. Yalnız oyundan-oyuna köklənmək o qədər də asan deyil ki, “Zirə”nin uğursuz nəticəsində bu amilin də rolu var. “Astra”nın Rumıniya çempionu, ölkə çempionatının gümüş mükafatçısı, ölkə kubokunun, superkubokun qalibi olmasını xatırladıqda rəqibin “Zirə”dən çox təcrübəli olduğu göz önünə gəlir. Azarkeşlərin “qara şeytanlar” adlandırdığı “Astra”da xüsusi fərqli oyun görmədik. Amma heyətin “Zirə”dən daha güclü göründüyünü təkcə hesab demir. Yaponiyalı Takayuki, rumıniyalı Budesku və Alibek kimi futbolçular klubu tərk etsə də, yeni transferlər bu boşluğu dolduracaq. Eriko da Silva və Filip Mrzljak “Astra”nın heyətində debüt edirdilər. Həm 27 yaşlı braziliyalı Eriko müdafiə xəttində, 24 yaşlı xorvat Mrzljak yarımmüdafiədə klublarına kömək etməyə çalışdılar. Onların hər ikisi daxili çempionatdan transfer edildiyi üçün komandaya uyğunlaşmaq çətin olmayıb. “Zirə”nin qapısına vurulan üçüncü qolun müəllifi fransız futbolçu Antoni Le Tallakın təhlükəli olacağı haqda ötən saylarımızda qeyd etmişdik. 34 yaşlı hücumçu Yunanıstanın “Atromitos” klubundan transfer olub və ikinci hissədə meydana çıxsa da, həlledici qol vurdu. Bu gün də “Zirə”nin qapısına təhlükə yarada bilər.

Saat 21:00-da “Dalğa Arena”başlayacaq qarşılaşmanın baş hakimi Gürcüstan təmsilçisi Giorgi Vadaçkoriadır. “Astra”nın 2 topluq “canı” var və bunu etmək üçün “Zirə”nin meydanda can qoyacağına şübhə yoxdur.

“Qəbələ”nin işi çətindir

Hə, “Qəbələ”nin işi çətindir. Polşa liqası ilə maraqlanmasam da bu ölkənin milli komandası haqda dünya miqyaslı yarışlarda yazmışam. Polşa millisi Almaniya futbolunun “kiçik qardaşıdır”, təkcə hərdən adları deyil, oyunları da bənzərliyinə görə adamı çaşdırır. “Yagelloniya” bu mənada sürpriz etdi, “Qəbələ”yə sonadək layiqli müqavimət göstərdi, hətta ilk hissəni rəqibindən üstün başa vurdu. “Qəbələ” bugünkü oyunun nəticəsindən asılı olmayaraq yaxşı klubdur, hücum futbolu oynayır. Amma klubun heyətində dəyişikliklər var və oturuşma vaxt aparacaq. Klubun maddi sıxıntılar səbəbindən 4 gün əvvəldən Polşaya getməsi işin xeyrinə oldu. Pula qənaət mənasında deyil, oynanılacaq şəhərin (Belostok), stadionun havasına girmək mənasında...

“Yagelloniya”nın 22 min azarkeş tutan “Şəhər stadionu” bu gün dolarsa, “Qəbələ” üçün oyun daha çətin ola bilər. Amma “Qəbələ”nin rəqib meydanlarda oyunu da yaxşı alınır. Bu gün lap penaltilərə sıra gəlsə də, oynamaq və qalib gəlmək “Qəbələ”nin bacaracağı işdir. Fyodr Çernıx deyilən kimi varmış, 26 yaşlı Litva millisinin oyunçusu qapımıza qol vurmasa da, top ayağına düşəndə təhlükəli vəziyyət yaratmağa çalışırdı. Yekə cüssəsi və uzun saqqalı ilə diqqət cəlb edən irlandiyalı Şeridan da hücumda təhlükəlidir. Görək rəqib meydanında “çərt qoz” olan klub öz meydanında da boy göstərə biləcəkmi?

Hər şey “Qəbələ” dən asılıdır...

“Yagelloniya” - “Qəbələ” qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Oyunu Rumıniyadan olan baş hakim Sebastian Koltesku idarə edəcək.

“İnter” mərhələni keçməyi haqq edir

Nəhayət, “İnter”. Lüksemburqda “Fola Eş”lə qarşılaşacaq Bakı klubu növbəti mərhələyə çıxmağa çox yaxındır. Yəqin Azərbaycanda da bu gün “İnter”in qələbəsini təkcə onların azarkeşləri deyil, ..."Qalatasaray"lıların ölkəmizdəki fanatları da arzu edəcək. Səbəb məlumdur. “İnter” üçüncü təsnifat mərhələsini keçərsə, “Qalatasaray” Bakıya gələ bilər. Amma bunun üçün təkcə “İnter”in qələbəsi heç nəyi həll etmir, İstanbul klubu da öz meydanında İsveçin “Ostersun” klubuna 0:2-lik məğlubiyyətin əvəzini çıxmalıdır.

Bu nəzəri hesablamalar doğrularsa, “İnter” “Qalatasaray”la qarşılaşacaq. Maraqlı və dartışmalı bu oyun... Hələlik isə bu gün növbəti mərhələyə daha yaxın olan “İnter” Lüksemburqdan ən azı bərabər hesaba nail olmalıdır. Klubun baş məşqçisi Zaur Svanadze oyun ərəfəsi deyib ki, səfərdə müdafiədə oturmaq fikrində deyillər.

“Cavab görüşü üçün hazırlığımızı tamamlamışıq. Bu gecə səfərə çıxacağıq. Heyətdə zədəli futbolçu yoxdur. Oyunun mahiyyətini yaxşı anlayırıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Müdafiəyə aludə olmaq fikrində deyilik. Əlbəttə, ilk növbədə qapımızı toxunulmaz saxlamalıyıq. Lakin vuracağımız bir qol həlledici ola bilər” deyə, baş məşqçi ümidli danışıb. O, “mən də növbəti rəqibimizin ”Qalatasaray" olmasını istərdim" deyib.

Lüksemburq futbolu yeni-yeni inkişaf etməyə başlayıb. Bu cırtdan ölkə klublarının Avropa səviyyəli oyun göstərməsi üçün hələ zaman lazımdır. “İnter” öz meydanında “Miladost”la görüşlərdə fərqli olaraq xüsusi təriflənəsi oyunu ilə seçilmədi, son dəqiqələrdə vurulan “rekaşet qol” olmasaydı, “Fola” bu gün özünü daha güvənli hiss edərdi. Amma “İnter”in müdafiədə yaxşı oyun göstərməsi sevindiricidir, növbəti mərhələyə ümidi daha da artırır. İlk təsnifat mərhələsində “Miladost”a ümumi hesabda 5 top fərqi ilə qalib gələn klub “Fola” ilə ilk oyunda da qapısının toxunulmazlığını qoruya bildi. “Fola Eş” - “İnter” oyunu bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qarşılaşmanı İtaliyadan olan referi Donatas Rumsas idarə edəcək. Hər üç klubumuza uğurlar...

Nazim SABİROĞLU

Oxşar xəbərlər