Krımdan Qarabağadək - Azərbaycan üçün kritik Tramp dönəmi başlayır

Krımdan Qarabağadək - Azərbaycan üçün kritik Tramp dönəmi başlayır Güney Qafqaz mühüm gəlişmələr astanasında; Bu həftə ABŞ-ın yeni prezidenti and içəcək; Azərbaycan yeni çağırışlar və reallıqlarla üz-üzə; Kreml Qarabağ məsələsində şəriksiz moderatora çevrilir?; Bakı, Ankara və Moskvanın uzlaşdırılmış siyasəti Ermənistana qarşı yeni diplomatik cəbhənin açılmasına və işğalçının təklənməsinə də gətirə bilər...

Redaksiyamız musavat.com-a istinadən bildirir ki, bir neçə gündən sonra ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimi olacaq və o, rəsmən öz vəzifəsinin icrasına başlayacaq. Siyasi şərhçilər Tramp dönəmində ABŞ və Rusiya arasında münasibətlərin perspektivinə məxsusi diqqət ayırırlar. Məntiqlidir, çünki Moskva-Vaşinqton əlaqələrinin hansı məcrada inkişaf tapacağı qlobal və regional təhlükəsizliyə həlledici təsir göstərə bilən faktor sayılır.

Lakin D.Trampın Rusiya, prezident V.Putinlə bağlı açıqlamalarına diqqət yönəldən analitiklər son vaxtlar onun Kremlə qarşı loyal yanaşma sərgiləyə biləcəyi barədə daha ehtiyatlı danışmağa başlayıblar. Belə bir məqam önə çəkilir ki, seçki kampaniyası dövründə verilən vədlər bir, prezident kimi dərk edilən məsuliyyət isə başqadır və Tramp da sərt reallığı - Amerikanın köklü maraqlarını görməzlikdən gələ bilməz.

*****

Söz düşmüşkən, Ağ Evin yeni sahibi artıq Rusiyanı məyus etməyə başlayıb. Belə ki, o, Obama administrasiyasının Rusiyaya tətbiq etdiyi sanksiyaları qüvvədə saxlayacağını bəyan edib. Yeni prezident yalnız Rusiyanın terrorçuluqla mübarizə və digər sahələrdə özünü müsbət tərəfdən göstərdiyi təqdirdə sanksiyaların ləğv ediləcəyini söyləyib.

Bu, kifayət qədər ciddi siqnaldır. Az öncə isə dövlət katibi postuna namizəd Reks Tillerson bildirmişdi ki, ABŞ Krımın Rusiyaya birləşməsini yalnız Ukraynanın maraqlarına hörmət edəcək geniş müqavilənin imzalanması halında tanıyacaq. Yəni faktiki, şəkildə o, məsələnin çözümünün Kiyevin razılığı əsasında mümkün ola biləcəyinə işarə vurub.

Tillerson Kremlin belə bir addımı atmayacağı təqdirdə ABŞ-ın Krımın anneksiyasını tanımayacağını da deyib. O, həmçinin Krımın ilhaqını qanunsuz hesab etdiyini söyləyib.
Bu, onun anonsudur ki, Trampın Krımı Rusiyanın tərkib hissəsi kimi tanıya biləcəyi haqda məlum açıqlaması əslində hərfi mənada başa düşülməməlidir. Krım məsələsi isə xeyli dərəcədə Dağlıq Qarabağ məsələsi ilə analogiya təşkil edir...

*****

İş də ondadır ki, ABŞ-Rusiya münasibətlərinin xarakteri Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Ən azından o səbəbə ki, önümüzdəki il(lər)də Dağlıq Qarabağ probleminin həll perspektivi bu amildən böyük ölçüdə asılı olacaq. Doğrudur, Barak Obama dönəmində biz münaqişənin nizamlanmasında Vaşinqtonun sanballı təşəbbüskarlığını görmədik. Prezident Obama rusiyalı həmkarından fərqli olaraq, bircə dəfə də olsun, Vaşinqtonda Əliyev-Sərkisyan görüşünü təşkil etmədi - nəyə görə ki, elə amerikalı ekspertlərin özü, o sırada sabiq səfir Metyu Brayza tərəfindən Ağ Ev güclü tənqidlərə məruz qaldı.

Hərçənd, istənilən halda ABŞ-ın Qarabağ məsələsində potensial təsir imkanı qalır. Di gəl, hələ ki Ağ Ev onu hərəkətə gətirməyə tələsmir. Bəs D. Trampın dönəmi Qarabağ ixtilafı üçün nə vəd edir? Mövzunu şərh edən amerikalı politoloq Maykl Bom hesab edir ki, Qarabağ məsələsi Donald Tramp üçün maraqlı deyil (virtualaz.org). Onun qənaətincə, Trampın prezidentliyi dövründə ABŞ-ın Qarabağ münaqişəsinin həllində iştirakı minimuma enəcək.

“Qarabağ məsələsinin həlli Obama administrasiyasını elə də narahat etmirdi. Ştatların daxili problemlərinin prioritet olduğunu bəyan etmiş Trampın dövründə isə Vaşinqtonun bu münaqişənin tənzimlənməsində iştirakı daha az olacaq” - politoloq qeyd edib. Ekspertin sözlərinə görə, Ermənistan-Azərbaycan qarşıdurması da daxil olmaqla, postsovet məkanında münaqişələrin siyasi yollarla tənzimlənməsi yeni prezidentin xarici siyasət maraqlarının əsas blokuna daxil deyil: “Lakin buna baxmayaraq, Vaşinqton münaqişənin kəskinləşəcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma bərpa ediləcəyi hallarda fəallıq nümayiş etdirə bilər”, - amerikalı politoloq güman edir. Ümumilikdə Bom vurğulayıb ki, respublikaçılar hökuməti xüsusilə ticari-iqtisadi sahədə Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır.

*****

Bu arada Trampla bağlı Rusiyanın əlində qalmaqallı intim video kompromatların olması haqda xəbərlər ciddiləşib. Bu da ABŞ-ın yeni prezidentinin Rusiya qarşısında manevr imkanlarını daralda, onu regional məsələlərdə də Putin qarşısında daha zəif mövqeyə tuş edə bilər. Bütün bunlar o anlama gəlir ki, konkret olaraq Qarabağ məsələsində rəsmi Moskva həqiqətən də Tramp dönəmində güclü dominantlıq əldə edə bilər. Bəs, belə perspektiv Azərbaycan üçün pisdir, yoxsa yaxşı?

Ondan başlayaq ki, Qarabağ məsələsində əsas söz sahibi hələ ki Rusiyadır. Bu reallıqla hətta Barak Obama administrasıyası da barışmışdı. Rusiyanın Qarabağ məsələsində yanaşması isə qeyri-müəyyən olaraq qalır.

“Rusiya məsuliyyəti tərəflərin üzərinə atır, ancaq Ermənistan tərəfi hər vəchlə siyasi təxribatlara hazırlaşır”.

Bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O da danışıqlar prosesinin dondurulmasında və münaqişənin həll edilməməsində Rusiyanın mövqeyinin həlledici rol oynadığını düşünür.

Hüseynlinin fikrincə, Rusiya son zamanlar qəribə bir əda nümayiş etdirməkədir: “Ancaq böyük dövlətlər bölgədə müharibənin baş verməsini istəmir və onların bu istiqamətdə səylərini artırdığını görmək mümkündür. Çünki bütün tərəflər müharibə təhlükəsinin artdığını görür. Rusiya Ermənistanı istənilən vaxtı danışıqlara cəlb edə, yaxud da sülh prosesinə məcbur edə bilər. Moskva isə məsuliyyəti tərəflərin üzərinə atır, ancaq İrəvan hər vəchlə siyasi təxribatlara hazırlaşır. İş orasındadır ki, ATƏT-in də sülhyaratma prosesində səyləri zəifləyib. Görünür, Rusiyanın Avropa və ABŞ-a təzyiqləri, Qərbin və ABŞ-ın Suriya və Yaxın Şərqə yönəlməsi Cənubi Qafqaza olan diqqəti zəiflədir” .

Q.Hüseynliyə görə, Azərbaycan öz ordusunun qüdrətini daha da artırmaqla məsələnin yüksək səviyyədə təmin olunmasına çalışır: “Qarabağ məsələsi dondurularsa, Azərbaycan bunun beynəlxalq səviyyədə araşdırılmasına çalışacaq. Doğrudur, Azərbaycanla Rusiya arasında gizli diplomatik yolla danışıqların getdiyinə, Rusiyanın hər iki tərəfi sülhə məcbur etmək üçün xüsusi bir proqram hazırladığına dair fikirlər var. Ancaq bunlar mətbuatda yazılanlardır, Rusiya rəsmiləri bu barədə susur. Əgər danışıqlar sistemi baş tutmasa, müharibədən savayı variant qalmır”.

*****

Başqa yandan, Azərbaycan üçün məsələdə kifayət qədər pozitiv olan yeni bir amil də var: Ankara-Moskva əlaqələrinin yüksəlişdə olması. Bu amil Azərbaycana yeni siyasi dividentlər vəd edir. Əslinə qalsa, Trampın Rusiyaya münasibətdə loyallığı Moskvanın konfliktli məsələlərdə əl-qolunu açsa da, Kremlin məsuliyyətini də artırır.

Ümid etmək qalır ki, Rusiyanın artan təsir və məsuliyyəti Dağlıq Qarabağ məsələsində onun nəhayət, qardaş ölkə ilə birgə çoxdan gözlənilən və müharibə risklərini sıfırlayacaq çevik addımlar atmasına gətirəcək. Suriya məsələsində Türkiyə və Rusiyanın uğurlu əməkdaşlığı bu yöndə inamı artırır ki, azaltmır.

Bir az da qabağa gedib ehtimal eləmək olar ki, Bakı, Ankara və Moskvanın uzlaşdırılmış siyasəti Ermənistana qarşı yeni diplomatik cəbhənin açılmasına və işğalçının təklənməsinə da gətirə bilər. Bütün hallarda Tramp dönəmində Azərbaycanın yeni çağırışlar və reallıqlarla üz-üzə gələcəyini söyləmək mümkündür. Qalır bu çağırış və reallıqlara adekvat və çevik reaksiya vermək.

Oxşar xəbərlər