Prezident tərəfindən dövlət qurumları arasında sıx koordinasiyanın təmin edilməsi, qısa müddətdə vahid fəaliyyət planının hazırlanması və hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar bu prosesin institusional çərçivədə həyata keçiriləcəyini göstərir. Dövlət başçısının hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırığı beynəlxalq idarəetmə təcrübəsinə uyğun sistemli yanaşmadır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, süni intellekt siyasətinin effektiv icrası yalnız strategiyanın qəbul edilməsi ilə deyil, mərkəzləşdirilmiş koordinasiya və institusional məsuliyyət mexanizmləri ilə mümkün olur. Bir sıra qabaqcıl ölkələrdə süni intellekt üzrə siyasətin formalaşdırılması və icrası xüsusi ofislər və hökumət yanında fəaliyyət göstərən məsləhətçi şuralar vasitəsilə həyata keçirilir. Bu qurumlar adətən hökumətin mərkəzi icra sisteminin tərkibində fəaliyyət göstərərək milli süni intellekt strategiyasının əlaqələndirilməsinə, prioritet sahələrin müəyyən edilməsinə və icranın monitorinqinə cavabdeh olurlar. Eyni zamanda, rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə məsul vəzifələr təsis edilir ki, bu da qərarvermə və icra prosesində vahid mexanizmi formalaşdırır. Həmin institutların tərkibinə dövlət qurumları ilə yanaşı, aparıcı universitetlərin alimləri, tədqiqat institutları və texnologiya şirkətlərinin nümayəndələri cəlb edilir və bu yanaşma qəbul olunan qərarların həm strateji, həm də praktik baxımdan əsaslandırılmasını təmin edir.Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal infrastrukturu prioritet elan etməsi həm daxili idarəetmə islahatı, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesajdır. Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin ayrıca əksini tapması, eyni zamanda Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahədə çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir. Mövcud enerji generasiya gücü, tranzit və fiber-optik bağlantılar, eləcə də sabit investisiya mühiti süni intellekt və data mərkəzi layihələri üzrə beynəlxalq texnologiya şirkətləri və maliyyə fondları üçün Azərbaycanın praktiki və iqtisadi cəhətdən cəlbedici platforma olduğunu göstərir.
Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi