İrəvan İranla strateji sənəd imzalayacaq - niyə indi?

İrəvan İranla strateji sənəd imzalayacaq - niyə indi? Fikrət Yusifov: “Bakıdan İrəvana yük daşınması Kremli hiddətləndirib”
Ermənistan Rusiyanın konsessiya idarəçiliyində olan dəmir yolu sahələrinin bir hissəsini geri almağa hazırdır. Söhbət Yerasx, İcevan və Axurik istiqamətində yerləşən dəmir yolu xətlərindən gedir.

Bu barədə baş naziri Nikol Paşinyan ötən həftə Putinlə keçirilən görüşün nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Tavuş vilayətində İcevan stansiyasınadək olan hissədə, Azərbaycanla sərhəddən Yerasx istiqamətində, eləcə də Türkiyə ilə sərhəddən Axurik stansiyasınadək olan dəmir yolu sahələrində bərpa işlərinin aparılmasını prioritet hesab edir. Paşinyan vurğulayıb ki, İrəvan bu işlərin “rusiyalı tərəfdaşlar” tərəfindən operativ şəkildə həyata keçiriləcəyinə ümid edir.

Baş nazir həmçinin bildirib ki, nəqliyyat infrastrukturu ilə bağlı məsələlərlə paralel olaraq Ermənistan İranla diplomatik əlaqələri də gücləndirməyi planlaşdırır. Paşinyan qeyd edib ki, İrəvan Tehrana strateji tərəfdaşlıq haqqında sənəd imzalamaq niyyətindədir.

Bu nə sənəd olacaq, nə əcəb indiyədək imzalanmayıb və Azərbaycanın hansısa narahatlığına əsas varmı? Eyni əhəmiyyətli sənədi Bakının da Tehranla imzalaması mümkünmü?

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov şimal qonşumuzun sona qədər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına qarşı olacağını söylədi: “Bir qədər öncə mətbuata açıqlama vermişdim ki, əgər Ermənistan bölgədə mövcud olan kommunikasiya düyünlərinin açılmasını istəyirsə, vaxtilə Rusiya şirkətinin idarəçiliyinə verdiyi dəmir yollarını geri almalıdır, bunun alternativi yoxdur. Əks halda, Rusiya öz şirkəti vasitəsilə Zəngəzur dəhlizindən keçəcək "Tramp yolu"nun açılmasına və Azərbaycanla digər dəmir yolu xətləri vasitəsilə nəqliyyat əlaqələrinin bərpa olunmasına hər vəchlə əngəl yaradacaq.

Bu gün Cənubi Qafqazda öz mövqelərini sürətlə itirən Rusiya, indi əlində qalmış bütün vasitələrdən istifadə edərək, regionda gərginliyi artırmağa, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının qarşısını almağa çalışacaq. Yəni Rusiya özünün murdar Cənubi Qafqaz siyasətini yüz illər bundan öncə olduğu kimi, yenə də davam etdirməyə çalışacaq.

Bütün bunların fonunda Ermənistanın qarşısında duran əsas məsələ addım-addım Rusiyanın iqtisadi asılılığından xilas olmaqdır. Paşinyan bu kursu hakimiyyətə gəldiyi ilk günlərdən müəyyənləşdirib və imkan yarandıqca onu reallaşdırmağa çalışır. Hesab edirəm ki, Qərb, başda ABŞ olmaqla, bu məsələdə Ermənistana dəstək verəcək. Lakin unutmayaq ki, Rusiya Ukraynaya qarşı açdığı savaşdan hər hansı bir formada uğurlu hesab etdiyi nəticələrlə çıxarsa, o halda onun ilk hədəfi Cənubi Qafqazda gərginliyin artmasını təmin etmək olacaq. Bu səbəbdən Cənubi Qafqazın hər üç ölkəsi bölgədə sülhün və əmin-amanlığın bərpası üçün əlindən gələni etməlidir. Heç şübhə etmirəm ki, son günlər Ermənistanla Azərbaycan arasında yüklərin daşınması istiqamətində atılan addımlar şimal qonşumuzu hiddətləndirib. Yəni Rusiya 30 il bir-birinə qarşı müharibə şəraitində saxladığı iki ölkə arasında özünün iştirakı olmadan hər hansı əlaqənin bərpasını həzm etmək iqtidarında deyil.

Yuxarıda sadaladığımız səbəblərdən Ermənistanın indiki məqamda İranı bir qədər neytrallaşdırmaq yolunu tutması anlaşılandır. Nikol Paşinyan hökuməti hesab edir ki, indiki dönəmdə həm Rusiyanı, həm də İranı eyni vaxtda öz ölkəsinə qarşı qaldırarsa, o halda mövcud problemləri çözmək o qədər də asan olmayacaq. Fikrimcə, məhz bu səbəbdən də indi İranla strateji tərəfdaşlıq müqaviləsi bağlamaq təşəbbüsü gündəmə gəlib".

“Ermənistanın İranla "strateji tərəfdaşlıq" sənədi imzalamaq niyyəti sırf diplomatik jest kimi deyil, regionda formalaşan yeni geosiyasi reallıqlara qarşı yönəlmiş siyasi manevr kimi qiymətləndirilə bilər. Xüsusilə də İrəvanın Rusiyanın konsessiya idarəçiliyində olan dəmir yolu sahələrini geri almağa çalışması və paralel olaraq Tehranla münasibətləri institusionallaşdırmaq istəyi Ermənistanın regional kommunikasiyaların açılması prosesinə, o cümlədən Zəngəzur dəhlizinə qarşı alternativ bloklar formalaşdırmaq cəhdindən xəbər verə bilər".

Bu fikirləri “Yeni Müsavat”a deputat Vüqar İskəndərov deyib. O qeyd edib ki, belə bir sənədin indiyədək imzalanmamasının əsas səbəbi İran-Ermənistan münasibətlərinin uzun müddət qeyri-rəsmi koordinasiya və taktiki əməkdaşlıq çərçivəsində saxlanılması olub: “Tehran regionda açıq şəkildə Ermənistanın yanında görünmədən, lakin faktiki olaraq onu siyasi və psixoloji baxımdan dəstəkləyən xətt yürüdüb. Son dövrlər İranın bəzi mərkəzlərinin Zəngəzur dəhlizinə qarşı sərt mövqeyi və Ermənistan daxilində revanşist dairələrə dolayı mesajları da diqqətdən qaçmamalıdır.

Hesab edirəm ki, Ermənistan-İran “strateji tərəfdaşlığı” əgər yalnız iqtisadi və nəqliyyat çərçivəsindən çıxaraq siyasi və təhlükəsizlik komponentləri qazanarsa, bu, regionda yeni gərginlik ocaqlarının yaranmasına zəmin yarada bilər".

Bu kontekstdə Bakının Tehranla eyni mahiyyətli sənəd imzalaması məsələsinə gəlincə, deputat deyib ki, Azərbaycan İranla qonşuluq və qarşılıqlı maraqlar əsasında münasibətlərin inkişafında maraqlıdır, lakin bu münasibətlər heç bir halda ölkənin suveren hüquqlarına, Zəngəzur dəhlizi üzrə strateji mövqeyinə və Türkiyə ilə müttəfiqlik xəttinə zidd olmamalıdır: “Bakı ilə Tehran arasında mümkün sənəd yalnız qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və regional layihələrə mane olmamaq prinsipləri əsasında mümkün ola bilər. Nəticə etibarilə, Azərbaycan son proseslərdə soyuqqanlı, lakin prinsipial mövqe sərgiləməli, regionda sülh və əməkdaşlıq perspektivlərini hədəf alan hər cür destruktiv təşəbbüsə qarşı adekvat siyasi və diplomatik addımlar atmalıdır”.

Oxşar xəbərlər