Politoloq: "Seçici ilə emosional bağ yaratmağa çalışır ki, seçkidə "qələbə havası" çala bilsin"Vaxtaşırı qeyri-adi davranışları, gözlənilməz jestləri və siyasi liderlər üçün o qədər də ənənəvi sayılmayan addımları ilə gündəmə gələn Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də diqqət mərkəzinə düşməyi bacarıb. O, bu dəfə barabanda ifa edərək özünü həm siyasətçi, həm də “yaradıcı şəxs” kimi təqdim etməyə çalışıb.
Baş nazirin sözlərinə görə, onun Ermənistan haqqında yazdığı şeir musiqiyə çevrilib. Paşinyan həmin mahnını barabanda ifa etdiyi anları özünün Telegram kanalında paylaşaraq ictimaiyyətə təqdim edib. Paylaşılan videoda Nikol Paşinyan zərb alətində ifa edir və səslənən musiqinin mətninin onun şeirlərindən formalaşdığı vurğulanır. Mahnının sözlərində Ermənistanın “sevgi mənbəyi” olduğu, bu sevginin xalqın həyatını əbədiləşdirəcəyi kimi pafoslu fikirlər yer alır. Eyni zamanda erməni xalqının vətənini xoşbəxt, firavan və gələcəyə ümidlə baxan bir ölkə kimi görmək istədiyi xüsusi vurğulanır.
Paşinyan ilk dəfə deyil sosial şəbəkələrdə bu cür qeyri-adi paylaşımlarla çıxış edir. Daha əvvəl o, Sankt-Peterburqa səfəri zamanı İsaakievski kilsəsinin fonunda çəkdirdiyi selfini sosial şəbəkələrdə paylaşaraq müzakirələrə səbəb olmuşdu. Noyabr ayında isə baş nazir Telegram kanalında kabinetində oturaraq rusiyalı müğənni Zemfiranın “Məni bağışla, sevgilim” mahnısını dinlədiyi videonu yayımlamışdı. Bu video da cəmiyyətdə və mediada birmənalı qarşılanmamış, Paşinyanın şəxsi ovqatı, psixoloji durumu və siyasi mesajları ilə bağlı müxtəlif şərhlərə yol açmışdı.
Müşahidəçilərin fikrincə, Paşinyanın bu tip davranışları sıradan bir şəxsi zövq nümayişi deyil. Əksinə, bu addımlar onun siyasi üslubunun və kommunikasiya strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Bir tərəfdən, o, özünü “xalqdan biri”, emosiyalarını gizlətməyən, sənətə və musiqiyə yaxın bir lider kimi təqdim etməyə çalışır. Digər tərəfdən isə bu cür videolar və paylaşımlar ictimai diqqəti real sosial-iqtisadi problemlərdən yayındırmaq, gündəmi dəyişmək və emosional fon yaratmaq məqsədi daşıya bilər.
Xüsusilə də kritik seçkilər ərəfəsində Paşinyanın bu cür davranışlara daha çox yer verməsi diqqət çəkir. Bir sıra politoloqlar hesab edir ki, baş nazir bu yolla artan daxili gərginliyi, cəmiyyətin narazılığını və öz üzərindəki siyasi təzyiqləri yumşaltmağa, eyni zamanda şəxsi stresini azaltmağa çalışır. Digər ekspertlər isə bunun seçici psixologiyasına hesablanmış bir taktika olduğunu, Paşinyanın “səmimi və fərqli lider” obrazını gücləndirmək istədiyini düşünür.
Erməni cəmiyyətinin bu davranışlara münasibəti isə birmənalı deyil. Bir qrup insan Paşinyanın bu cür addımlarını maraqlı və fərqli hesab edir, onu sərt siyasi çərçivələrdən kənara çıxan, emosional lider kimi görür. Digər qrup isə hesab edir ki, ölkənin qarşısında ciddi təhlükəsizlik, iqtisadi və sosial problemlər durduğu bir vaxtda baş nazirin barabanda ifa etməsi, musiqi videoları paylaşması və qeyri-adi jestlər etməsi ciddilikdən uzaqdır və dövlət başçısına yaraşmır.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a qeyd edib ki, Paşinyanın bütün diqqəti gələn il iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinə yönəlib: “Yəni o, seçkilərdə qələbə qazanmaq üçün var gücü ilə çalışır. Rəqibləri isə kifayət qədər çoxdur: radikal müxalifət, Qarabağ klanı, kilsə, Rusiyanın dəstəklədiyi iş adamları və müxtəlif siyasi qruplar. Paşinyan bütün bu qüvvələrlə paralel şəkildə mübarizə aparır. Məhz bu fonun üzərində onun son dövrlər atdığı bəzi qeyri-adi addımlar diqqət çəkir - sosial şəbəkələrdə müxtəlif görüntülər paylaşır, oynayır, ifa edir, hansısa musiqi alətində çıxış edir. Bütün bunlar əslində birbaşa seçkiyə hesablanmış davranışlardır.
Yəni Paşinyan insanların rəğbətini qazanmağa, seçici ilə emosional bağ yaratmağa çalışır ki, seçkidə “qələbə havası” çala bilsin.
Erməni cəmiyyətində Paşinyanın bu cür davranışlarına müsbət yanaşanlar da var, onu sərt şəkildə tənqid edənlər də. Bəziləri bu davranışları qeyri-ciddi hesab edir, dövlət başçısına yaraşmadığını düşünür. Paşinyanın bu üslubunu müsbət qarşılayıb, onu “canlı”, “emosional” və “klassik siyasətçilərdən fərqli” lider kimi görənlər də var. Lakin ümumi mənzərəyə baxdıqda hesab etmək olar ki, onun dəstəkçiləri tənqidçilərindən daha çoxdur.
Bu baxımdan düşünürəm ki, əgər Ermənistanda fövqəladə bir hadisə baş verməzsə, yəni terror aktı, hərbi çevriliş və ya kəskin siyasi sarsıntı yaşanmazsa, Paşinyanın bu cür üsullarla seçkilərdə qələbə qazanmaq ehtimalı kifayət qədər yüksəkdir. Onun hazırkı davranışları da məhz bu hədəfə - seçkidə qalib gəlmək məqsədinə xidmət edir".
Politoloq Qabil Hüseynli də qeyd edib ki, bütün bunlar seçkiqabağı təbliğat kampaniyasının tərkib hissəsidir: “Hətta demək olar ki, bu kampaniyanın əsas ssenarilərindən biridir. Paşinyan xalq arasında özünü hərtərəfli inkişaf etmiş, yalnız siyasətlə deyil, eyni zamanda musiqi və incəsənətlə də maraqlanan bir şəxs kimi təqdim etmək niyyətindədir. Bu baxımdan barabanda ifa etməsi prinsip etibarilə elə də qeyri-adi hadisə sayılmamalıdır. Ola bilsin ki, o, müəyyən dövrlərdə həqiqətən də musiqi ilə məşğul olub və bu alətə yad deyil.
Hətta belə bir iddia da səsləndirilir ki, Paşinyan bu mahnı üzərində təxminən üç ay işləyib, yəni ifa ani və təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış, düşünülmüş bir addımdır. Bu isə onu göstərir ki, məqsəd təkcə diqqət çəkmək yox, həm də ardıcıl şəkildə formalaşdırılmış bir imic yaratmaqdır. O, özünü musiqiçi kimi xalqa təqdim etməklə paralel olaraq, intellektual səviyyəsi olan, yaradıcı düşüncəyə sahib bir lider obrazı yaratmağa çalışır.
Əslində bu davranış həm səs toplamağa yönəlmiş siyasi texnologiyadır, həm də şəxsi qabiliyyətlərini nümayiş etdirmək cəhdidir. Paşinyan bu cür addımlarla seçicilərə mesaj verir ki, o, sırf kabinet siyasətçisi deyil, geniş dünyagörüşünə malik, fərqli sahələrdə özünü ifadə edə bilən bir şəxsdir. Bu da xüsusilə gənc seçici auditoriyası üçün cəlbedici ola bilər. Beləliklə, barabanda ifa və musiqi görüntüləri sadəcə əyləncə xarakteri daşımır, əksinə, seçkiöncəsi planlı şəkildə qurulmuş, düşünülmüş və məqsədyönlü bir siyasi addım kimi dəyərləndirilə bilər".