İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri, İran prezidentinin qızı Aişə Pezeşkian Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxış edib.Musavat.com xəbər verir ki, Aişə Pezeşkian çıxışı zamanı Azərbaycana bundan əvvəl ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
O, Xankəndidə olduğunu və məmnunluğunu ifadə edərək bildirib ki, bu səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüb.
Aişə Pezeşkian vurğulayıb ki, Azərbaycan və İranı dərin milli-mənəvi dəyərlər birləşdirir. Onun sözlərinə görə, məhz bu ortaq dəyərlər və tarixi köklər üzərində hər iki cəmiyyətdə ailə institutu formalaşıb və bu amil uşaqların qorunması, onların sağlam mühitdə yetişməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İran prezidentinin qızı çıxışını məşhur “Heydərbabaya salam” şeirindən bir parça ilə yekunlaşdırıb.