Əfv sərəncamı ölkə rəhbərinin humanist mövqeyinin göstəricisidir

Əfv sərəncamı ölkə rəhbərinin humanist mövqeyinin göstəricisidir Bir sıra ölkələrdə ölüm cəzasının ləğvi barədə hələ də qəti qərar qəbul edilmədiyi halda, cəza-icra siyasətinin humanistləşdirilməsi nəticəsində ən ağır cəza növü olan ölüm cəzasının Şərqdə ilk dəfə məhz bizim ölkədə cinayət qanunvericiliyindən çıxarılması humanizm prinsiplərinə əsaslanan dövlət siyasətinin parlaq təzahürü kimi qiymətləndirilərək dünyada böyük əks-səda yaratmışdır. Əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. Buna görə də cəzanın humanistliyini, adekvatlığını və tərbiyəvi əhəmiyyətini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olmuşdur. Beləliklə, 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. Azərbaycanda amnistiya aktlarının qəbulunu müsbət bir ənənəyə çevirmiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşmuşdur.
Əsası Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan ölkə Prezidenti İlham Əliyevin də hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünun irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir. 1995-2025-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonra isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzalamış olduqları ümumilikdə 71 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnmişdir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hələ Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Növbəti amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması Azərbaycan dövlətinin insan hüquqlarına sadiqliyinin, hüquqi islahatlara və humanist dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsidir. Ölkə başçısının bu təşəbbüsünü insan hüquq və azadlıqlarının təmin edilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətin sağlam inkişafı baxımından mühüm addım kimi dəyərləndirmək olar. Bu istiqamətdə atılan addımlar bir daha göstərir ki, Azərbaycan Respublikasında hüquq sistemi yalnız qanunun aliliyini deyil, insan ləyaqətinin qorunmasını da əsas məqsəd kimi qarşıya qoyur.
Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər