Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra hüquqi və demokratik dövlət quruculuğunu əsas məqsəd kimi müəyyən etmişdir. Bu yolda insan hüquqlarının qorunması, ədalət və humanizm prinsipləri daim ön planda olmuşdur. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü də bu siyasətin davamı kimi böyük əhəmiyyət daşıyır.
Azərbaycan dövlətçiliyinin əsasını dayanıqlı inkişaf və qanunun aliliyi təşkil edir. Konstitusiya ölkədə hər bir vətəndaşın hüquq və azadlıqlarını qoruyur. Amnistiya isə cəmiyyətə təhlükə yaratmayan şəxslərə ikinci şans vermək məqsədi daşıyır. Bu, dövlətin vətəndaşına qarşı mərhəmətli və ədalətli münasibətini göstərir.
Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir. Onun rəhbərliyi dövründə insanlara qayğı, sosial ədalət və cəmiyyətin rifahı daim diqqət mərkəzində olmuşdur. Amnistiya təşəbbüsü də insanlara yenidən düzgün yol seçmək imkanı yaradır və onların cəmiyyətə qayıtmasına şərait yaradır.
Bu təşəbbüs Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin bariz nümunəsidir. Amnistiya əsasən az ağır cinayətlər törətmiş, peşman olan və islah olunmaq imkanı olan şəxslərə şamil edilir. Bu da cəmiyyətdə bağışlama, mərhəmət və qarşılıqlı anlayış mühitinin formalaşmasına kömək edir.
Qeyd etmək lazımdır ki, bu amnistiya müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiyalardan biri hesab olunur. Ümumiyyətlə, Prezident İlham Əliyevin fəaliyyəti dövründə 12 amnistiya aktı və 71 əfv sərəncamı imzalanmışdır. Bu faktlar dövlət başçısının humanist və ədalətli siyasət apardığını göstərir. Nəticə olaraq qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanist və ədalətli siyasətinin bariz göstəricisidir. Bu təşəbbüs təkcə hüquqi qərar olmaqla kifayətlənmir, eyni zamanda insanlara səhvlərini dərk etmək, düzgün yola qayıtmaq və cəmiyyətin faydalı üzvü olmaq imkanı yaradır. Amnistiya ailələrin yenidən birləşməsinə, sosial münasibətlərin sağlamlaşmasına və cəmiyyətdə mərhəmət hissinin güclənməsinə mühüm töhfə verir. Bununla yanaşı, bu addım dövlətlə vətəndaş arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. İnsanlar görürlər ki, Azərbaycan dövləti yalnız cəzalandıran deyil, eyni zamanda bağışlayan, anlayan və vətəndaşına dəyər verən bir dövlətdir. Bu isə gənc nəslin dövlətə və qanunlara hörmət ruhunda formalaşmasına müsbət təsir göstərir. Beləliklə, amnistiya təşəbbüsü hüquqi dövlət quruculuğunun, humanizm və sosial ədalət prinsiplərinin real həyatda təzahürü kimi xüsusi əhəmiyyət daşıyır.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nübar Rüstəmova