Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ümumilikdə müstəqilliyimizin bərpasından, xüsusilə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın qeyd olunan istiqamətlərdə atdığı addımlar, malik olduğu təcrübə beynəlxalq səviyyədə təqdir edilir. İnsan amilinə dəyər daim müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bugünümüzə, gələcəyimizə hesablanmış siyasətinin əsasını təşkil etmişdir. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırdı. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm, fundamental islahatlar həyata keçirən Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, insan hüquq və azadlıqlarının qorunmasına göstərdiyi diqqət humanizm, mərhəmət və insanpərvərlik kimi ülvi dəyərlərin təcəssümüdür. Son 22 ildə Ümummilli Liderin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin davam etdirilməsinin əsas göstəricilərindən birini cəzadan azad olunan şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inam təşkil edib. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Bu təşəbbüs Dövlət Başçımızın humanizm və mərhəmət prinsiplərinə yüksək önəmini nümayiş etdirir və həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi naminə aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Layihə, eyni zamanda qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara da şamil olunur.
Amnistiyadan yararlanacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin inkişafına töhfə verəcəklərinə inanırıq.
Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə