Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir. Ümummilli Lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi hüquqi islahatlardan biri də cəza siyasətinin humanistləşdirilməsi, beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş əsas təbii hüquqlardan biri olan yaşamaq hüququnun təmini ilə bağlı olmuşdur. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının tətbiqinə faktiki moratorium qoyulmuş və sonrakı beş il ərzində müxtəlif ağır cinayətlərə görə ölüm cəzasına məhkum edilmiş 120-dən çox şəxs barəsində ölüm hökmü icra olunmamışdır. Bunun ardınca isə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1998-ci il 10 fevral tarixli Qanuna əsasən, ölüm cəzasına məhkum olunmuş bütün məhkumların cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir.
Cənab Prezidentin Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bu, müstqillik tariximizdə ən böyük amnistiya aktı olacaq. Amnistiya aktı minlərlə ailəyə sevinc bəxş edəcək. Belə bir təşəbbüsün irəli sürülməsi dövlətimizin, şəxsən Prezident İlham Əliyevin humanistliyinin, insana verdiyi ali dəyərin göstəricisidir. Ona görə də, dövlətimizin başçısının bu təşəbbüsü xalqımız tərəfindən çox yüksək dəyərləndirilir.
Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər