Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş və Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmışdır.
Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Konstitusiyamızın 30 ilinin tamam olması və suverenliyimizin tam bərpa olunması ilə əlaqədar “Konstitusiya və Suverenlik” ilində ölkəmizdə ən böyük amnistiya təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs çox mühüm ictimai-siyasi, hüquqi və mənəvi bir addım, həm də amnistiyaya düşəcək minlərlə insanların yüz minlərlə doğmalarının, yaxınlarının sevincinə səbəb olacaq.
Təqdim olunan amnistiya aktının layihəsi humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə söykənir. “Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi naminə aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Layihə, eyni zamanda qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara da şamil olunur.
Ölkə başçısının bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə böyük töhfə verəcəkdir.
Balaxanı qəsəbəsi, 259 saylı tam orta ümumitəhsil məktəbi publik hüquqi şəxsi,
İnformatika nüəllimi Mülkanə Alnağızadə