Bu gün Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də müstəqilliyimizin rəmzi, dövlətçiliyimizin təməlidir

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də müstəqilliyimizin rəmzi, dövlətçiliyimizin təməlidir
12 noyabr tarixi Azərbaycan xalqının milli yaddaşında müstəqil dövlətçiliyimizin möhkəmlənməsi və hüquqi əsaslarının formalaşdığı gün kimi əbədiləşmişdir. Məhz bu gün – 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi, hüquqi və ictimai həyatında yeni mərhələnin başlanğıcı oldu.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu tarixi sənəd xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli dəyərlərinə və ümumbəşəri prinsiplərə əsaslanır. Konstitusiyanın qəbulu Azərbaycanın müasir, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafını təmin edən mühüm addım idi.
Ulu Öndər Heydər Əliyev deyirdi:
“Biz elə bir layihə hazırlamalı və elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun olsun.”
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də müstəqilliyimizin rəmzi, dövlətçiliyimizin təməlidir. O, vətəndaşların hüquq və azadlıqlarını, dövlətin suverenliyini, hakimiyyət bölgüsünü və qanunların aliliyini təmin edir. Əsas Qanunumuzun 48 maddəsi birbaşa insan hüquq və azadlıqlarına həsr edilmiş, hər bir vətəndaşın ləyaqətini, mülkiyyətini, söz və vicdan azadlığını qorumağa yönəlmişdir.
1995-ci ildə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın gələcək inkişafını müəyyənləşdirdi. 2002, 2009 və 2016-cı illərdə aparılmış dəyişikliklər isə ölkənin sosial-siyasi reallıqlarını nəzərə alaraq, idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaş hüquqlarının daha etibarlı müdafiəsinə xidmət etdi.
Konstitusiyanın qəbulundan sonrakı illər ərzində hüquqi dövlətin vacib institutları – Konstitusiya Məhkəməsi, müstəqil məhkəmə sistemi, azad seçkilər mexanizmi formalaşdı. Bütün bunlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ədalət və hüquq prinsiplərinin bərqərar olmasında mühüm rol oynadı.
Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Artıq Konstitusiyamızın hüquqi qüvvəsi bütün ərazilərimizdə təmin edilib. Bu reallıq Ulu Öndər Heydər Əliyevin ideyalarının və cənab prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin təntənəsidir.
Məhz bu nailiyyətlərin və Əsas Qanunumuzun qəbulunun 30 illiyi münasibətilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bu qərar müstəqilliyimizin, dövlətçiliyimizin və hüquqi sistemimizin möhkəmlənməsinin növbəti mərhələsini simvolizə edir.
Konstitusiyamız – Müstəqil Azərbaycanın hüquqi dayağı, dövlətçiliyimizin möhkəm sütunudur.

Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta ümumtəhsil məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aynura Səfərova

Oxşar xəbərlər