Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısına çevrilib

Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısına çevrilib Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq uzunmüddətli strateji əhəmiyyət baxımından heyrətamizdir. Ölkə.Az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində rusiyalı iqtisadçı ekspert, Arktika İctimai Elmlər Akademiyasının prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının (RAEİ) müxbir üzvü, texnika elmləri namizədi Arseniy Mitko deyib.

İqtisadçı xüsusi vurğulayıb ki, 2025-ci ilin on ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 5,3 faiz artaraq 4,1 milyard dollara çatıb. O xatırladıb ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 4,8 milyard dollar təşkil edib və 2025-ci ilin əvvəlində isə təqribən 69 faiz artım müşahidə olunub. Ekspertin sözlərinə görə, müsbət dəyişikliklərin mühüm göstəricilərindən biri də odur ki, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısı mövqeyinə yüksəlib. Bu isə onun fikrincə, həm Rusiyada, həm də Azərbaycanda qeyri-neft sektorlarının möhkəmlənməsinə dəlalət edir və mühüm uzunmüddətli səmərəli təsirə malikdir.

Mitko vurğulayıb ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də daxil olmaqla beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə səylər böyük strateji əhəmiyyət kəsb edir. Onun fikrincə, iki ölkə arasında infrastruktur əlaqələrinin genişləndirilməsi energetika, sənaye, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində əməkdaşlığın artması üçün möhkəm baza yaradır. İqtisadçı həmçinin 2015-ci ildən Rusiya və Azərbaycanın milli elektroenergetika sistemlərinin paralel işləməsi barədə sazişin qüvvədə olduğunu xatırladıb. Onun sözlərinə görə, bu mexanizm təkcə potensial elektrik enerjisi qıtlığının qarşısını almır, həm də qarşılıqlı tədarüklərin çevikliyini təmin etməklə hər iki ölkənin enerji dayanıqlılığını artırır.

O, həmçinin iki dövlətin regionları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib və bunu ticarət dövriyyəsinin daha da artırılması üçün mühüm resurs hesab edib. Ekspert vurğulayıb ki, hər iki ölkənin regionlarının öz iqtisadi potensialı mövcuddur və onların bir çoxu müstəqil şəkildə xarici bazarlara çıxış imkanına malikdir. Onun fikrincə, Azərbaycan rayonlarının Rusiya regionlarında tərəfdaş axtarışına daha fəal çıxışını stimullaşdırmaq vacibdir. Mitkonun sözlərinə görə, bunun üçün Rusiya İxrac Mərkəzinin, AZPROMO-nun və hər iki ölkənin ticarət nümayəndəliklərinin imkanlarından daha səmərəli istifadə etmək olar.

Mitko xüsusilə Rusiyadan İrana Azərbaycan ərazisindən keçməklə çəkilməsi nəzərdə tutulan magistral qaz kəmərinin tikintisini ciddi uzunmüddətli strateji əhəmiyyətə malik təşəbbüs kimi qiymətləndirib. Ekspert hesab edir ki, əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün logistika, investisiyalar və ticarət tənzimlənməsi sahələrində kompleks tədbirlər zəruridir ki, bu da qlobal iqtisadi dəyişikliklər fonunda qarşılıqlı faydalı əməkdaşlığı təmin edə bilər.

Bundan əlavə, iqtisadçı qarşılıqlı ərzaq və kənd təsərrüfatı məhsullarının tədarükünün genişləndirilməsini, habelə iki ölkənin elmi-tədqiqat institutları arasında heyvandarlıq və bitkiçilik sahələrində əlaqələrin gücləndirilməsini son dərəcə perspektivli hesab edir.

Oxşar xəbərlər