Azərbaycan və Özbəkistan əməkdaşlığı təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir

Azərbaycan və Özbəkistan əməkdaşlığı təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir
İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabr ayının 2-də qurulmuşdur.1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edibDünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Dövlətimizin başçısının Özbəkistana son səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” Azərbaycan vasitəsilə Özbəkistan məhsullarının daşımalarının həcminin daha da artmasına təkan verəcək. Azərbaycan RespublikaTürk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq da münasibətlərə əlavə strateji dəyər qatır. Bu platforma vasitəsilə iki ölkə Türk dünyasında mədəni-humanitar və iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verir.Özbəkistanda yaradılmış əlverişli investisiya mühiti Azərbaycanlı iş adamlarının, şirkətlərin qarşılıqlı faydalı əməkdaşlığa cəlb olunmasında səmərəli rol oynayır. Ötən ilin yayında Daşkənddə keçirilən biznes-forumda tərəflər bir sıra yeni layihələr təqdim ediblər. Həmçinin 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər də əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün mühüm zəmin yaradıb.Son illər ərzində iki ölkə arasında ticarət əlaqələri yüksələn xətt üzrə artmaqdadır. Özbəkistanda istehsal edilən kondisionerlərin çox hissəsi Azərbaycana ixrac olunur. Son illər bu iki qardaş ölkə arasında ticarət tərəfdaşlığı güclənir.
Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib. Bu səfər iki ölkə arasında əlaqələrin daha da yüksəlişinin sübutu kumi qiymətləndirilir. Səfər zamanı dövlətimizin başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə qeyd etdi ki, Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə yüksəldən əhəmiyyətli sənədlərdir. Bu sənədlər qısa müddətdə görülən böyük işlərin və tərəfdaşlığın dərinləşməsinin göstəricisidir. Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Dövlət başçısı fürsətdən istifadə edərək qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Xüsusilə Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi bölgə üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib. Cənab Prezident qeyd edib ki, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Şavkat Mirziyoyev isə dünyada bu təşəbbüslə çıxış edən ilk lider olub. Bu addım xalqlarımız arasında sarsılmaz həmrəyliyin, dostluğun və qardaşlığın ən parlaq nümunəsidir.
Azərbaycan və Özbəkistan əməkdaşlığı təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verməkdədirlər. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər qurumlar çərçivəsində də sıx koordinasiya iki ölkə arasında strateji həmrəyliyi daha da gücləndirir. Prezident cənab İlham Əliyev vurğulayıb ki, iqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Prezident cənab İlham Əliyev bildirib ki, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat və logistika infrastrukturunun inkişafıdır. O, Azərbaycan və Özbəkistanın Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda əsas tərəfdaş olduğunu qeyd edib. Azərbaycanın müasir nəqliyyat infrastrukturu – Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, geniş ticarət donanması və doqquz beynəlxalq hava limanı – ölkənin regional və qlobal nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir. Bununla belə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya üçün yeni imkanlar yaradacaq.
Bütün bunları nəzərə alaraq demək olar ki,Azərbaycan Prezidenti İlhamƏliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.

Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər