Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”, Azərbaycan-Özbəkistan münasibətlərində dönüş nöqtəsi oldu

Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”, Azərbaycan-Özbəkistan münasibətlərində dönüş nöqtəsi oldu Azərbaycan və Özbəkistan arasında mövcud olan sarsılmaz və qardaşlıq münasibətləri həm ikitərəfli formatda, həmdə Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da möhkəmlənir. Bu əlaqələr bütövlükdə Türk dünyasının birliyi və gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanla Özbəkistanı birləşdirən bağlar bu günün siyasi maraqları ilə izah oluna bilməz. Bu münasibətlərin kökü ortaq türk kimliyinə, dilinə, mədəniyyətinə və tarixdə ortaq mübarizələrə dayanır. Hər iki dövlət münasibətlərin inkişafında və əməkdaşlıq əlaqələrində ortaq milli və etnik dəyərlərə böyük əhəmiyyət verir. Dövrümüzdə dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşlərdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf imkanları, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılır. 2024-cü ildə Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”, Azərbaycan-Özbəkistan münasibətlərində dönüş nöqtəsi oldu. Bu sənəd təkcə diplomatik əməkdaşlıq çərçivəsi sayıla bilməz. Bu sənəd qardaş ölkələr arasında strateji müttəfiqliyin hüquqi əsasını yaratdı. Xüsusən son bir neçə ildə edilən qarşılıqlı səfərlər həm dövlət başçıları, həm də Azərbaycanla Özbəkistan arasındakı dostluğun və qardaşlığın təcəssümünə çevrilmişdir. Bunlardan əlavə, Özbəkistan Prezidenti ötən il Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının birinci qeyri-rəsmi Zirvə görüşündə və COP29-da iştirak etmək üçün ölkəmizə səfər etmişdir. COP29 çərçivəsində Bakıda Azərbaycan Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması dövlətlərarası münasibətlərdə yeni əməkdaşlığın əsasını qoymuşdur. Özbəkistanın Qarabağ bölgəsinin bərpasına, xüsusilə Füzulidə məktəb tikintisi və sosial layihələrə ayırdığı maliyyə və texniki dəstək tarixin yaddaşına köçən işdir. Burada humanitar jest əslində siyasi və mənəvi mesaj idi. Hər iki ölkə bu platformada qarşılıqlı dəstək verir və türk dünyasının birliyini möhkəmləndirir.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova

Oxşar xəbərlər