Azərbaycan və Özbəkistan strateji tərəfdaşdırlar

Azərbaycan və Özbəkistan strateji tərəfdaşdırlar Azərbaycan və Özbəkistan ortaq tarixi, dini və mədəni köklərə malik olmaqla yanaşı, türkdilli dövlətlər içində xüsusi sinerji yaradan iki əsas oyunçudur. İki ölkə arasında əməkdaşlıq təkcə siyasi deyil, iqtisadi, nəqliyyat, kənd təsərrüfatı və enerji sahələrində də yüksələn xətlə inkişaf edir. Azərbaycan üçün Özbəkistan Orta Asiyada, Özbəkistan üçün isə Azərbaycan Cənubi Qafqazda etibarlı tərəfdaşdır. Xəzər dənizi üzərindən həyata keçirilən nəqliyyat-logistika layihələri bu tərəfdaşlığın mühüm sütunlarından biridir. Eyni zamanda, türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsi baxımından bu iki dövlətin əməkdaşlığı mühüm lokomotiv rolunu oynayır. Qarabağda aparılan bərpa işlərinə Özbəkistanın verdiyi töhfə – xüsusən Füzulidə tikilən məktəb – dostluğun konkret simvoludur. Özbəkistan üçün Azərbaycan, Avropaya açılan qapı rolunu oynayır.
Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu Özbəkistanın qədim Xivə şəhərində təşkil olunmuşdur. Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı və Qanunvericilik Palatasının rəhbərliyi arasında geniş tərkibdə görüşlər keçirilmişdir. İkinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu isə Azərbaycan Respublikasında keçirilmişdir. Forum çərçivəsində keçirilən iclaslarda qanunverici orqanlar arasında qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri bir daha diqqət mərkəzinə çəkilmişdir. Özbəkistanın Xivə şəhərində keçirilmiş Birinci və Azərbaycanda təşkil olunmuş İkinci Parlamentlərarası Forumlar iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, qanunverici orqanlar səviyyəsində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsinə mühüm töhfə vermişdir. Beləliklə, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Prezidentlər Azərbaycan-Özbəkistan münasibətlərinin gələcəkdə də qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq prinsipləri çərçivəsində davamlı surətdə inkişaf edəcəyini vurğulayıblar.
Bütövlükdə, Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə əhəmiyyətli töhfələr verməkdədir
Bu əməkdaşlıq regional sabitliyin qorunması və iqtisadi imkanların birgə dəyərləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. İki ölkənin liderləri arasında yaranmış şəxsi dostluq münasibətləri dövlətlərarası əlaqələrə də dinamizm qazandırır. Gələcək illərdə bu münasibətlərin daha da dərinləşməsi gözlənilir. Bu səfər həm də Türk Dünyasının siyasi birliyinə verilmiş önəmli bir mesajdır.
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər