Azərbaycan xalqı üçün Qarabağ yalnız bir bölgə deyil, həm də milli kimliyimizin, tariximizin və mədəniyyətimizin mühüm bir hissəsidir. 30 ilə yaxın müddətdə işğal altında qalan Qarabağ 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində azad olundu. Bu böyük Qələbədən dərhal sonra dövlət tərəfindən Qarabağda bərpa və yenidənqurma işlərinə başlanıldı.
Qarabağın yenidən qurulması və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı “Böyük Qayıdış” proqramı çərçivəsində sistemli və ardıcıl şəkildə həyata keçirilir. Artıq Zəngilanın Ağalı kəndinə ilk köçlər baş tutmuş, Laçın, Füzuli, Şuşa və digər rayonlarda müasir infrastruktur qurulmuşdur. Ağıllı kənd və şəhər konsepsiyası əsasında inşa edilən yaşayış məntəqələri Azərbaycanın inkişaf modelini əks etdirir. Təkcə evlər deyil, eyni zamanda məktəblər, bağçalar, xəstəxanalar, mədəniyyət ocaqları və digər sosial obyektlər də istifadəyə verilir. Hər bir bölgədə “yaşıl enerji zonası” prinsipi ilə quruculuq işləri aparılır.
Qarabağın bərpası prosesi yalnız iqtisadi və fiziki quruculuqla məhdudlaşmır. Bu, həm də xalqımızın mənəvi dirçəlişidir. Çünki bu torpaqlar bizim milli yaddaşımızın daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyevin “Qarabağ Azərbaycanın ürəyidir” fikri bu gün öz təsdiqini tapır. Cənab Prezident İlham Əliyev isə bu missiyanı böyük əzm və uzaqgörənliklə davam etdirir.
Azad olunmuş ərazilərdə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün abidələr, memorial komplekslər salınır, tarixi və dini abidələr bərpa olunur. Bu da göstərir ki, Qarabağın dirçəlişi yalnız maddi deyil, həm də mənəvi dəyərlərin qaytarılmasıdır.
Bütün bunlar Azərbaycan dövlətinin gücünü, xalqla birliyini və vətənə olan sədaqətini nümayiş etdirir. Qarabağda həyatın yenidən canlanması bir daha sübut edir ki, bu torpaqlar əbədi olaraq Azərbaycanındır və burada əmin-amanlıq içində rifah dolu bir həyat qurulacaq.
Balaxanı qəsəbəsi, 259 saylı tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi,
İngilis dili müəllimi Rəna Əliyeva