Bakıya niyə qar yağmadı? – Yanlış olan proqnozun SƏBƏBLƏRİ

Bakıya niyə qar yağmadı? – Yanlış olan proqnozun SƏBƏBLƏRİ Son günlər Milli Hidrometeorologiya Xidməti Bakıya qar yağacağı barədə xəbərdarlıqlar yayıb. Nazirliklər və mətbuat da vətəndaşları diqqətli olmağa çağırıb. Lakin proqnozlara baxmayaraq, paytaxtda qarın düşməsinə dair heç bir əlamət yoxdur. Bu, cəmiyyətdə meteoroloji proqnozların doğruluğu barədə suallar doğurub.

Meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlamasında bildirib ki, Bakıda qar yağmamasının bir neçə əsas meteoroloji və coğrafi səbəbi var:

“Bakıda qar yağacağı ilə bağlı gözləntilərin tam gerçəkləşməməsinin bir neçə əsas meteoroloji və coğrafi səbəbləri var. Cari ilin (2026) yanvar ayı üzrə olan məlumatları və ümumi iqlim xüsusiyyətlərini nəzərə alsaq havanın temperaturunun kifayət qədər düşməməsi, Xəzər dənizinin "istilik effekti", soyuq hava axınlarının hərəkət istiqamətini dəyişməsi, həmçinin rütubət və təzyiq uyğunsuzluğu Abşeron yarımadasında qar yağması üçün mümkün sinoptik şəraitin yaranmamasına səbəb olur.

Qarın yerə çatması və örtük yaratması üçün təkcə buludlarda temperaturun aşağı olması kifayət etmir, yer səthinə yaxın atmosfer qatlarında temperatur 0°C və ya daha aşağı olmalıdır. Yanvarın ilk yarısında Bakıda temperatur əsasən 2-7°C (hətta bəzi günlərdə 10-15°C-dək) isti müşahidə olunduğu üçün yağıntılar qar yox, sulu qar və ya çiskinli yağış şəklində müşahidə edilib”.

O, həmçinin bildirib ki, Bakı liman şəhəri olduğu üçün Xəzər dənizi qışda istilik akkumulyatoru rolunu oynayır:

“Bakı liman şəhəri olduğu üçün Xəzər dənizi qışda istilik akkumulyatoru rolunu oynayır. Dəniz suyu gec soyuduğu üçün sahil zolağında havanı mülayimləşdirir. Bu "istilik yastığı" şimaldan gələn soyuq hava kütlələrinin Bakıya çatana qədər qızmasına səbəb olur, nəticədə daxili rayonlara qar yağsa da, Bakıda bu, yağışla əvəzlənir.

Proqnozlarda qar gözlənilsə də, bəzən son anda hava kütlələrinin trayektoriyası dəyişir. Məsələn, yanvarın 11-13-ü üçün nəzərdə tutulan soyuq dalğası zamanı cənub-qərb küləklərinin üstünlük təşkil etməsi və ya soyuq cəbhənin daha çox dağlıq rayonlara yönəlməsi paytaxtda qarın yağmasına mane olub.

Qar yağması üçün eyni vaxtda üç amil birləşməlidir: kifayət qədər soyuq hava, yüksək rütubət və uyğun atmosfer təzyiqi. Yanvar ayının bəzi günlərində soyuq olsa da, hava kütlələri az rütubətli, bəzən isə əksinə, rütubət olsa da hava çox mülayim keçib.

Qarın yağmamasının əsas səbəbi proqnozun yanlışlığı deyil, Bakı şəhərinin iqlim şəraiti ilə əlaqədar olaraq soyuq hava cəbhəsinin dəniz üzərində gücünü itirməsidir”.

Meteroloqun məlumatına görə, proqnozlar fevralın ortalarında havaların soyuq keçməsi və qar örtüyünün yaranma ehtimalını göstərir:

“Yanvar ayının 16-dan 22-dək Bakıda havanın yenidən soyuyacağı, sulu qar və zəif qar ehtimalının artacağı gözlənilir.

Uzunmüddətli proqnozlar fevral ayının ortalarında (15-22 arası) havaların soyuq keçməsi və qar örtüyünün yaranma ehtimalının olduğunu göstərir.

Hava proqnozu modelləri (ECMWF, GFS, ICON və s.) Bakını sadəcə xəritədə bir nöqtə kimi görmür. Müasir rəqəmsal proqnozlaşdırma sistemləri Bakının coğrafi və iqlim mürəkkəbliyini nəzərə almaq üçün Bakının səthini fərqli parametrlərlə təsvir edir. Məsələn, Abşeron yarımadasının quru, yarımsəhra torpağı ilə şəhərin beton binaları (asfalt) arasındakı fərq nəzərə alınır. Bakının mərkəzindəki tikililərin gündüz istiliyi udub, gecə yavaş buraxacağını (şəhərin kənarından 2-4°C daha isti olacağını) riyazi olaraq hesablayır.

Xəzər dənizinin suyunun temperaturu modellər üçün ən mühüm daxilolma məlumatıdır.

Modellər dəniz üzərindəki rütubətin şimal küləyi ("Xəzri") ilə şəhərə nə qədər "daşınacağını" simulyasiya edir. Əgər dəniz suyu istidirsə (məsələn, yanvar ayında 8-10°C), model avtomatik olaraq bu istiliyin yağan qarı yerə çatmadan sulu qara çevirəcəyini təxmin edir.

Bakının amfiteatr forması (dəniz səviyyəsindən aşağı olan sahil hissəsi və hündür sıldırımlı təpələri) modellərdə yüksəklik fərqi kimi qeyd olunur.

Həmçinin, mikroiqlim fərqləri nəzərə alınır Məsələn, "Badamdar" və ya "Yasamal"da qarın, "Sahil" metrosu ətrafında isə yağış yağması faktı modelin həmin nöqtələrdəki yüksəklik (hündürlük) məlumatlarını fərqli emal etməsindən irəli gəlir.

Bütün bu müasir proqnoz və hesablamalara baxmayaraq, Xəzər dənizi çox dəyişkən bir faktor olduğundan, bəzən model dənizin buxarlanma gücünü və ya küləyin gətirdiyi soyuq kütlənin "rütubətlik dərəcəsini" 1% səhv hesabladıqda belə, Bakıda gözlənilən qar çiskinli yağışla əvəzlənir”.

Oxşar xəbərlər