Ötən illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilib

Ötən illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də  məhv edilib
Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 3-cü ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri,3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi.
Ötən illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilib. Belə ki, Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.
Keçən dövr ərzində əldə edilən uğurlar, görülən hazırlıqlar bizi addım-addım möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci bütün xalqımıza bəxş edən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün igid, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq. Möhtəşəm qələbəmizdən ötən dövr ərzində Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan yenidənqurma və bərpa işlərinə nəzər saldıqda görürük ki, bu yerlərdə tezliklə həyat öz axarına düşəcək. O cümlədən, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcək.
İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir. İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü. Cəbrayılın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirik.

Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı fənni müəllimi Qumru Əzizova

Oxşar xəbərlər