"Foreign Policy": TRIPP-in Avrasiya geosiyasətində mühüm modelə çevriləcək

Vaşinqton-Tehran münasibətlərinin gərginləşdiyi bir zamanda, ABŞ İranın şimal qonşuları olan Ermənistan və Azərbaycanla sakitcə, lakin əhəmiyyətli dərəcədə əlaqələrini artırır.

Bu barədə "Foreign Policy" yazıb.

Nəşrin yazdığına görə, Tramp administrasiyası Qafqaz bölgəsində iqtisadi əlaqələri gücləndirmək səylərinə əsaslanaraq, iki uzun müddətdir düşmən olan ölkə arasında diplomatik vasitəçilikdə fəal iştirak edib. Məqalədə qeyd olunub ki, ABŞ-ın bu səyləri ölkənin dünyadakı digər böhranların idarə olunmasına yanaşmasının, eləcə də Rusiya və Çinlə strateji rəqabətin göstəricisi ola bilər.

"Foreign Policy" yazır ki, Trampın dəstəyi ilə 2025-ci ilin də İrəvanla Bakı arasında Vaşinqton anlaşmasının və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması bölgədə proseslərin yeni mərəhləyə qədəm qoymasına səbəb oldu.

Vaşinqton anlaşmasının əsas elementlərindən biri Zəngəzurda "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılan əsas nəqliyyat dəhlizinin yaradılması idi. ABŞ tərəfindən dəstəklənən bu infrastruktur layihəsi Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvanla avtomobil, dəmir yolu və boru kəməri marşrutları vasitəsilə birləşdirəcək. Elana görə, ABŞ ərazini 99 il ərzində inkişaf etdirmək üçün eksklüziv hüquqlar əldə edəcək və son müzakirələr ABŞ-ın TRIPP inkişaf şirkətində 74 faiz paya sahib olması, qalan payın isə Ermənistanda qalması ilə bağlı olub.

Ərazi nisbətən kiçik, cəmi 26 mil (42 km – red.) olsa da, regional əlaqə üçün əhəmiyyəti çox böyük ola bilər. Qafqaz regionu neft və təbii qaz kimi enerji ehtiyatları ilə zəngindir (Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya kimi) və mühüm tranzit mərkəzidir. Azərbaycan artıq neft və qazı Türkiyəyə və oradan Avropaya ixrac edir və bununla da Avropanın Rusiyadan enerji asılılığını şaxələndirir. Dəhliz həmçinin Mərkəzi Asiyadan nadir torpaq metalları da daxil olmaqla vacib resursların Qərb bazarlarına daşınması üçün daha qısa bir yol təmin edə bilər.

Məqalədə qeyd olunur ki, Çin həmçinin regionda öz varlığını gücləndirməyə çalışır, çünki Qafqaz və Orta Asiya Çini Avropa ilə birləşdirən Orta Dəhlizin əsas qovşaqlarıdır.

Nəşrin yazdığına görə, bütün bunlara baxmayaraq Cənubi Qafqaz bölgəsində maraqları olan bir çox, xüsusən də Rusiya və İran kimi oyunçu var ki, onlar ABŞ regionda dominant rolda çıxış etməsində maraqlı deyil. “Lakin ABŞ-ın Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmaq və TRIPP-i irəli aparmaq səyləri Avrasiya geosiyasətində mühüm bir vasitəyə və digər bölgələrdə fəaliyyət üçün potensial modelə çevriləcək”,-nəşr yazıb.

Oxşar xəbərlər