1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi

1993-cü ilin 15 iyun tarixində Ulu Öndər  Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi
“Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək” - Ulu Öndər Heydər Əliyev.
1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heç şübhəsiz ki, Ulu Öndərin ən böyük uğurlarından biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, xaosun və parçalanmanın qarşısını almasıdır. Tarixə nəzər salsaq xalqımızın Heydər Əliyev şəxsiyyətinin olan sevgisinə səbəb ola biləcək bir çox misallar çəkmək, mühüm hadisələri xatırlatmaq olar. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı üçün, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürürdü. Vəziyyətin günü-gündən daha gərginləşməsi ilə ölkənin o dövrdəki rəhbərliyi də Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etmişdir.
Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Ulu Öndər Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Mübaliğəsiz demək olar ki, Ulu Öndər Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Heç də təsadüfi deyildir ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizi Ulu Öndər Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Ölkə başçısı kimi Ulu Öndər Heydər Əliyev iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasını çox önəmli hesab edirdi. Bu məqsədlə o ölkənin yeni Konstitusiya layihəsinin hazırlanmasına böyük əhəmiyyət verir, bu işə şəxsən özü rəhbərlik edirdi. Uzun müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olundu. Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis tezliklə işə başladı. Ölkənin Əsas sənədinin qəbulu dövlət quruculuğu, cəmiyyətin gələcək inkişaf modeli üçün hüquqi əsas yaratdı.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev



Oxşar xəbərlər