
15 iyun 1993-cü tarixi Azərbaycan tarixində dönüş nöqtəsi olmuş, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmışdır.
XX əsrin sonlarında qazanılmış ikinci müstəqillik Azərbaycan üçün həm şərəfli, həm də sınaqlarla dolu bir dövrün başlanğıcı oldu. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası daxili və xarici təhdidlər, siyasi xaos və iqtisadi çətinliklərlə qarşı-qarşıya qalmışdı. Məhz belə bir mürəkkəb geosiyasi və daxili şəraitdə 15 iyun 1993-cü il tarixi xalqın yaddaşında Milli Qurtuluş Günü kimi əbədiləşdi. Bu gün müstəqilliyimizin qorunması, dövlət institutlarının formalaşması və ictimai-siyasi sabitliyin bərpası ilə nəticələnən tarixi hadisənin başlanğıc nöqtəsidir.
1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqil dövlət quruculuğu prosesi ciddi maneələrlə qarşılaşırdı. Ermənistanın hərbi təcavüzü, torpaqların işğalı, yüz minlərlə məcburi köçkünün sosial vəziyyəti, eyni zamanda daxili siyasi qeyri-sabitlik ölkəni vətəndaş qarşıdurmasına sürükləmişdi. Bu dövrdə mövcud siyasi iqtidarın problemi həll etmək iqtidarında olmaması xalqın ölkənin gələcəyinində Ulu Öndər Heydər Əliyev şəxsiyyətini görməsi ilə nəticələndi.
Sovetlər dövründə də Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynamış Ulu Öndər Heydər Əliyev, müstəqillik illərində də xalqın ümidsizlik içində çıxış yolu axtardığı liderə çevrildi. O, 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasında siyasi fəaliyyət göstərərək burada milli dövlətçilik ənənələrinin qorunmasına nail oldu, Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi şəkildə dövlət rəmzi kimi qaldırılmasına şərait yaratdı.
1993-cü ilin iyun ayında Azərbaycanın siyasi elitasının və xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu fakt tarixdə Milli Qurtuluş Günü kimi əbədiləşdi. Onun rəhbərliyi ilə ölkədə qısa müddətdə siyasi sabitlik təmin olundu, dövlət çevrilişi təhlükəsi aradan qaldırıldı və vətəndaş qarşıdurmasının qarşısı alındı. Bu tarixi qələbəni yalnız Ulu Öndər bacara bilərdi.
Ümumilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu prosesində sistemli islahatlar mərhələsi başlandı. Belə ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin enerji strategiyasının başlanğıcı olmaqla yanaşı, beynəlxalq investorların Azərbaycana etimadının bərpa olunmasına səbəb oldu. Milli Ordunun formalaşması, hüquqi bazanın təkmilləşdirilməsi, müstəqil məhkəmə sisteminin yaradılması, milli-mənəvi dəyərlərə əsaslanan ideoloji xəttin bərqərar edilməsi həmin dövrdə həyata keçirilən əsas islahatlardandır.
Bu xüsusda Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və strateji baxışı nəticəsində ölkədə milli həmrəylik bərqərar olundu, ictimai-siyasi sabitlik uzunmüddətli inkişafın zəmini kimi formalaşdı. Azərbaycan xalqı özünün müstəqil gələcəyinə inamla baxmağa başladı.
Milli Qurtuluş Günü yalnız siyasi və tarixi bir hadisənin xatırlanması deyil, həm də çağdaş Azərbaycan dövlətçiliyinin mənəvi və ideoloji sütunudur. Bu tarixi gün xalqın öz iradəsi ilə xilaskar liderə üz tutmasının, dövlətçiliyin dağılmaq təhlükəsindən xilas edilməsinin və sabit inkişaf yoluna qədəm qoyulmasının simvoludur. Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə Azərbaycan Respubkikası öz suverenliyini qoruyaraq regional və qlobal siyasətdə güclü aktora çevrilmişdir.
Qeyd edildiyi kimi Heydər Əliyevin misilsiz addımları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Bu gün Azərbaycan xalqı əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. II Vətən müharibəsi də öz növbəsində buna ən böyük tarixi nümunədir.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
kimya müəllimi Könül Baxışova