ABŞ-ın tarifləri Avropa maşınqayırma sənayesini çökdürür

ABŞ-ın tarifləri Avropa maşınqayırma sənayesini çökdürür ABŞ-ın idxal rüsumları Avropanın maşınqayırma sənayesinə getdikcə daha çox ziyan vurur. Bu məlumatı Almaniya Mühəndislik Federasiyasına (VDMA) istinadən Handelsblatt qəzeti yayıb. Bildirilir ki, hazırda rüsumlar Avropa İttifaqı maşınqayırma ixracının təxminən 30 faizinə təsir edir.

Alman Mühəndislik Assosiasiyasından Oliver Rixtberq qəzetə bildirib ki, tarif sazişi maşınqayırma və avadanlıq istehsalı üçün artıq öz dəyərini itirib: “15 faizlik sabit tarif qaydası polad və alüminium məhsullarına tətbiq edilən tariflərlə faktiki olaraq pozulur". Assosiasiyanın hesablamalarına görə, Aİ-nin ABŞ-a ixrac etdiyi maşın və avadanlıqların 30 faizi artıq yeni tarif kateqoriyasına düşür. Qəzet qeyd edir ki, mühərriklər, nasoslar, sənaye robotları, kənd təsərrüfatı və tikinti avadanlıqları kimi tərkibində polad və alüminium olan məhsullar xüsusilə təsirlənir.

Sənaye üçün başqa bir təhlükə ABŞ-ın hər dörd aydan bir siyahını genişləndirməsidir: "Bu, müqavilə deyil, maşınqayırma sektoru üçün Damokl qılıncıdır. Beləliklə, maşınqayırma şirkətləri və sənaye avadanlığı istehsalçıları üçün çoxdan gözlənilən təhlükəsizlik faktiki olaraq məhv edilib”.

Qeyd edək ki, iyunun 3-də ABŞ prezidenti Donald Tramp polad və alüminium idxalına rüsumların iki dəfə - 25 faizdən 50 faizə qədər artırılması haqqında sərəncam imzalayıb. O, bu addımı milli təhlükəsizliyə təhlükə ilə əsaslandırıb: onun fikrincə, faiz artımı Amerika polad sənayesinə ucuz və həddindən artıq idxal təchizatına qarşı kömək etməlidir.

Avqustun 15-də Handelsblatt xəbər verib ki, Ağ Ev polad və alüminiuma tətbiq edilən 50 faizlik tariflərin əhatə dairəsini Aİ-də istehsal olunan 400-dən çox məhsula qədər genişləndirib. Bu rüsumlar Aİ ilə razılaşdırılmış 15 faizlik tariflərə əlavədir.

Oxşar xəbərlər