
Azərbaycan Respublikasının xarici siyasətində qonşu dövlətlərlə yanaşı, müxtəlif maraqlar çərçivəsində Mərkəzi Asiya ölkələri də mühüm yer tutur. Ötən əsrin son onilliyində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dövlət səviyyəsində əlaqələr qurulmasının əsası qoyulmuşdur. Belə ki, ilk olaraq 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistanda, iki il sonra isə Özbəkistan Respublikasının Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası kimi Özbəkistan Respublikası da keçmiş tarixə, mədəniyyətə və əxlaqi dəyərlərə sahib ölkədir. Bu da hər iki dövlətin əlaqələrinin siyasi-iqtisadi çərçivədən çıxaraq mədəni və sosial sahələri də əhatələməsinə rəvac vermişdir.
Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlıq müstəvisində Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatında davam etdirməkdədirlər. 2022-ci ildən etibarən isə Azərbaycan və Özbəkistan dövlətlərinin münasibətlərində yeni bir mərhələ başlamışdır.
Bu mərhələdə dövlətlərarası münasibətlər daha da təkmilləşdirilmiş, rəsmi dövlət və işgüzar səfərlər reallaşdırılmışdır. Son beş ildə ondan çox belə görüş baş tutmuşdur və bu görüşlərdə milli maraqlara xidmət edən məsələlərə diqqət çəkilmişdir.
Dövlətlərarası 200-ə yaxın imzalanan müqavilələr ilə əlaqələr hər keçən il boyunca möhkəmləndirilmiş və genişləndirilmişdir. 2024-cü ildə avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan ölkələri arasına müttəfiqlik münasiblətlərinin hüquqi bazasını əks etdirən müqavilənin imzalanması ilə dövlətlərin müttəfiq olması öz əyani təsdiqini tapmışdır.
Qarabağ iqtisadi rayonunun azad edilmiş bölgələrində bərpa işlərində Özbəkistan Respublikasının diqqəti danılmazdır. 2023-cü ilin avqustunda Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin inşasında təşəbbüskar olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyev onun açılışı zamanı da özü şəxsən iştirak etmişdir. Bu addım əməkdaşlığın geniş spektrli olmasını göstərir. Yaxın zamanda Azərbaycan Respublikasının ərazisində "Özbəkistan" parkının hazırlanıb başa çatması gözlənilir. Bu parkın Bakı şəhərinin memarlıq quruluşuna ayrı bir gözəllik qatacağı şübhəsizdir. Bu kimi həyata keçirilən müxtəlif istiqamətli təşəbbüslər iki dövlətin münasibətlərini şaxələndirir və əlaqələrinin gələcəyi üçün təməlini möhkəmlədir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan İsmayılova