
Yaşadığımız dövrdə qloballaşmanın geniş miqyas aldığı dünyamızda nəqliyyat strukturlarının təkmilləşməsi və yeni-yeni intermodal layihələrin gerçəkləşməsi iqtisadiyyatın prioritetlərindəndir. Son illərdə ölkəmizdə kommunikasiya infrastrukturlarının inkişafına-avtomobil yollarının çəkilməsinə, dəmir yolu xətlərinin trayektoriyasının genişlənməsinə dəniz limanı, gəmiqayırma zavoduna,hava nəqliyyatının yüksəldilməsinə böyük həcmdə investisiya yönəldilmişdir. Nəticədə şərq-qərb, eləcə də şimal-cənub nəqliyyat dəhlizi gündəmin mahiyyətinə çevrilmişdir.
Bu xüsusda türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız diqqət çəkir. Məlumdur ki, əsası Ulu Öndər tərəfindən qoyulan nəqliyyat layihələri müasir dövrdə də davam etdirilir.Bu günlərdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Budapeştdə keçirilən qeyri-rəsmi zirvə görüşü çərçivəsində Cənab Prezident İlham Əliyevin çıxışında bu məsələyə toxunulmuş,türk dövlətləri ilə nəqliyyat sahəsində və nəqliyyat vasitəsilə əməkdaşlığımızın uğurları və perspektivləri açıqlanmışdır.
Tədbirdə çıxış edən cənab Prezident bildirdi ki, "Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir."
Eləcə də Xəzər dənizində respublikamızın 50-dən çox ticarət gəmisi üzür ki,bu yöndən də Azərbaycan türk dövlətləri üçün əhəmiyyətli tranzit xidmətləri göstərməkdədir.Son illərdə istifadəyə verilmiş və Cənubi Qafqazda analoq tanımayan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı hal-hazırda 15 milyon tonluq yükdaşıma qabiliyyəti ilə seçilir.Bu da ümidvericidir ki,günümüzdə Bakı gəmiqayırma zavodunun peşəkar kollektivi 10 yeni gəminin sinxron inşası ilə məşğuldur.Gəmi inşası,eləcə də kabotaj resursların artırılması hesabına bu nəhəng terminalın gücünün yaxın zamanlarda 25 milyon tona çatacağı proqnozlaşdırılır.
Zabrat qəsəbəsi,192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov