
Müasir dövrdə regional inteqrasiya və iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat sahəsində qurulan əlaqələr dövlətlərin inkişafında və qarşılıqlı münasibətlərin gücləndirilməsində mühüm rol oynayır. Bu baxımdan, Azərbaycan Respublikasının Türk dövlətləri ilə nəqliyyat sahəsində həyata keçirdiyi siyasət strateji əhəmiyyətə malikdir. Xüsusilə qeyd edilməlidir ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilmişdir. Türk dövlətləri arasında körpü rolunu oynayan Azərbaycan, həm regiondaxili, həm də Avrasiya miqyasında nəqliyyat layihələrinin əsas iştirakçılarından biridir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, siyasi və mədəni bağların möhkəmlənməsinə də xidmət edir. Azərbaycanın təşəbbüsü ilə reallaşan və Türk dövlətləri arasında əlaqələri daha da yaxınlaşdıran layihələr arasında Zəngəzur dəhlizi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Bakı-Tbilisi-Qars dəmir yolu xüsusi yer tutur. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın inkişafına böyük təsir göstərmişdi. Bu layihələr Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə və regionun tranzit potensialının artmasına səbəb olmuşdur. Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası bu gün də davam etdirilir və region ölkələri ilə xüsusilə də qardaş Türk dövlətləri ilə əməkdaşlıq uğurla inkişaf etdirilir. Ulu öndər daim Türk dünyasının birliyini ön planda tutaraq, ortaq tarix və mədəni irsin qorunmasına və möhkəmlənməsinə çalışmışdır. Bu siyasi irs cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat sahəsində koordinasiyalı fəaliyyətlərin artırılması, gömrük və logistika sahəsində prosedurların sadələşdirilməsi, həmçinin yeni nəqliyyat xətlərinin yaradılması məsələləri gündəmdədir. Azərbaycan bu proseslərdə fəal iştirak edərək regionda sabitlik, inkişaf və rifah naminə mühüm addımlar atır.
Beləliklə, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız yalnız ölkəmizin deyil, ümumilikdə bütün Türk dünyasının inkişafına xidmət edən strateji bir istiqamətdir. Bu əməkdaşlıq gələcək nəsillərə daha güclü, daha birləşmiş bir Türk dünyası miras qoymaq yolunda atılan mühüm addımlardandı.
Maştağa qəsəbəsi 187 nömrəli tam orta məktəbin
tarix müəllimi Teyyubə Mİrzəyeva