
İki ölkə arasında bu günədək ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Tarixi köklərə əsaslanan bu əlaqələr ayrı-ayrı sahələrdə uğurla inkişaf edir. İqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Səfər çərçivəsində imzalanan sənədlər arasında “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”nın olması bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məsələni də xüsusi qeyd etdi ki, Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Tacikistan həm Azərbaycana yaxın, həm də sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.
Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduqlarını qeyd etdilər. Ümumilikdə hər bir səfər gələcəklə bağlı əsas hədəfləri özündə ehtiva edir. Münasibətlərin dünəninə baxış əsasında qarşıdakı dövrdə atılacaq addımların yol xəritəsi tərtib olunur. Səfər çərçivəsində hər iki ölkənin müxtəlif strukturları arasında imzalanan sənədlər münasibətlərin bütün istiqamətlərdə uğurlu inkişafına yönəlib. Əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayan Azərbaycan və Tacik xalqlarının mədəniyyətinə xüsusi nəzər salınaraq bildirildi ki, mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
Bu gün azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bütün dünyada diqqətlə izlənilir. Ölkəmizə dost, qardaş ölkələr əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin potensialını xüsusi qeyd edirlər.
Altun İbrahimov-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi