
Prezident İlham Əliyev çıxışında Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini bildirib. O qeyd edib ki, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişlənməsi, yüksək səviyyəli qarşılıqlı səfərlər, eləcə də imzalanmış sənədlər bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.Dövlət başçısının sözlərinə görə, iki ölkə MDB çərçivəsində də səmərəli əməkdaşlıq edir, regional və beynəlxalq məsələlərdə bir-birini qarşılıqlı şəkildə dəstəkləyir. Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi – beynəlxalq həmrəyliyin göstəricisi Prezident İlham Əliyev çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsini xüsusi vurğulayıb. Dövlət başçısı bu qərarın qəbuluna verdikləri dəstəyə görə MDB-yə üzv ölkələrin liderlərinə minnətdarlığını bildirib. Prezident qeyd edib ki, Laçının mədəniyyət paytaxtı elan olunması Azərbaycanın zəngin mədəni irsinin, bərpa və yenidənqurma proseslərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu qərar həm də region xalqları arasında mədəni əməkdaşlığın və dostluğun daha da güclənməsinə töhfə verəcək. III MDB Oyunları – dostluq və birliyin təntənəsi Dövlət başçısı çıxışında gənclər arasında inteqrasiyanın güclənməsinə xidmət edən III MDB Oyunlarının əhəmiyyətinə də diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, bu oyunlar təkcə idman yarışları deyil, həm də gənclərin dostluq, qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda birləşməsi baxımından mühüm hadisədir.Bu kimi tədbirlər MDB məkanında birliyin, qarşılıqlı hörmətin və humanitar dəyərlərin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin Düşənbədə səsləndirdiyi çıxış Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətlərinə aydın baxış təqdim edib. Azərbaycan liderinin fikirləri regional dostluğun, mədəni tərəfdaşlığın və humanitar əlaqələrin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq arenadakı nüfuzu və dost dövlətlərlə münasibətlərinin səmimiyyəti bu kimi yüksək səviyyəli çıxışlarda öz aydın ifadəsini tapır.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan Mehdiyeva