Orta Dəhlizin reallaşdırılması üçün münbit şərait mövcuddur

Orta Dəhlizin reallaşdırılması üçün münbit şərait mövcuddur
Rusiya-Ukrayna müharibəsi yalnız beynəlxalq münasibətlər sisteminin balansında deyil, eyni zamanda enerji və ticarət müstəvisində də qlobal problemlər yaratdı. Dünyanın siyasi və iqtisadi güc mərkəzlərinin Rusiyaya embarqolar, sanksiyalar tətbiq etməsi bütövlükdə Avrasiyada yeni iqtisadi-ticari istiqamətlərin reallaşdırılmasını aktual edir. Eyni zamanda, Şərqi Avropada baş verənlərə əsasən tədarük zəncirində fasilələr başlayıb. Buna görə də, Avropa ticarət mərkəzlərinin subyektləri quru yüklərini dəniz marşrutlarına yönləndirirlər. Bu da öz növbəsində limanlara və yükdaşıma tariflərinə təzyiqi gücləndirir, ümumilikdə qiymət artımı tendensiyası sürətlənir. Bu, həmçinin yükdaşımaları balanssızlığı daha da gücləndirir. Eləcə də aviaşirkətlərə qarşı qoyulan məhdudiyyətlər sanksiyaya məruz qalmayan yükdaşıyanlara rəqabət üstünlüyü verib. Qeyd olunanların fonunda mövcud problemlərin aradan qaldırılması üçün ən yaxşı alternativ marşrut üzərindən düşünülür. Məhz həmin istiqamətlərdən biri də Asiya ölkələri Avropanı əlaqələndirən, mərkəzi Xəzər dənizi və Azərbaycan olan Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Çünki bu marşrut Şimal Dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O, həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək edə bilər.
Ölkəmizin Avropa ilə Asiyanın arasında yerləşməsi Orta Dəhliz marşrutunun bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Həmçinin, Azərbaycanda uzun illər ərzində yatırılmış sərmayə və görülmüş işlər nəticəsində dəmir yolları, yol infrastrukturu sahəsində böyük uğurlar əldə
olunub. Həm daxili yol infrastrukturu, həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkəmizin ərazisindən keçən yüklərin də həcmini dəfələrlə artırıb. Bu səbəbdən də Azərbaycan Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırır, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikilir. Bununla yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanı 15 milyon tondan 25 milyon tona qədər genişləndirilir, hava limanları layihələrinin də tamamlanması prosesi gedir. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması isə Xəzər dənizinin şərq sahillərindən yüklərin Azərbaycan ərazisindən nəql edilməsinə görə yeni tankerlər, bərələr və yük gəmiləri baxımdan potensialını artırır. Onu da əlavə etmək lazımdır ki, artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bir sözlə, bu gün Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - mövcuddur. Lakin eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə də olmalıdır.
Turqay Qəribov-Ramana bələdiyyəsinin sədri



Oxşar xəbərlər