Ümumilli Lider Heydər Əliyevin uğurlu strategiyası və addımları sayəsində dövlətçiliyin əsası qoyuldu

Ümumilli Lider Heydər Əliyevin uğurlu strategiyası və addımları sayəsində dövlətçiliyin əsası qoyuldu Qüdrətli Azərbaycan dövləti - bugün bu ifadəni hər bir azərbaycanlı qürur hissi ilə söyləyir və hərkəsə məlumdur ki, dövlətimiz sahib olduğu mövqeyə heçdə asanlıqla çatmayıb.
Müstəqilliyə, zəfərə, qurtuluşa gedən yolda, bizə bu pillələri addımlamağa stimul verən, yönləndirən dahi şəxsiyyət Ümumilli Lider Heydər Əliyev olmuşdur.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Həmin illərdə hadisələri düzgün qiymətləndirə bilməyən dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş prosseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdə isə Azərbaycan xalqı çıxış yolunu yalnız və yalnız Ümumilli Lider Heydər Əliyevdə görürdü. Nəhayət, 1993-cü il oktyabrın 3-ü millətimiz, dövlətimiz üçün çox önəmli bir tarixi hadisə olaraq yaddaşlarımızda qaldı. Belə ki, keçiriliən ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi və bununla da ölkəmizdə çiçəklənmə dövrü başlandı. Həmin ilin 10 oktyabr tarixində Ümumilli Lider Heydər Əliyev xalqa sədaqət andı içərək, ölkəmizə sabitlik, tərəqqi, iqtisadi inkişaf, müstəqillik və firavanlıq gətirəcəyinə dair söz vermiş və bu yolda əlindən gələni əsirgəməyəcəyini vurğulamışdır.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı və mövcud şəraitdən düzgün istifadə edərək, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi.
Ümumilli Lider Heydər Əliyev prezident seçildikdən sonra ölkənin sosial-iqtisadi, ictimai-siyasi vəziyyətində əsaslı dəyişikliklər etməyə başladı. Onun əsas məqsədi ölkədə siyasi sabitliyi bərqərar etmək idi və qısa müddətdə buna nail ola bildi. O, bu məqsədlə gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirmiş, ölkə ərazisində dövlət çevrilişlərinin qarşısını almış və ərazi bütövlüyümüzü qoruyub saxlamaq məqsədilə ordu quruculuğuna xüsusi önəm vermişdir.
Əminliklə deyə bilərik ki, 1993-cü ildən başlayaraq bugünə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Ümumilli Lider Heydər Əliyevin uğurlu strategiyası və addımları sayəsində dövlətçiliyin əsası qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, siyasi islahatlar aparılmağa başladı, demokratik inkişafla bağlı önəmli qərarlar qəbul edildi, sərbəst iqtisadiyyat prinsipləri bərqərar oldu və bazar iqtisadiyyatı xeyli inkişaf etdi. Ümumilli Lider Ulu Öndərin sayəsində kiçik bir ölkə, nüfuzlu bir dövlətə çevrildi və dünyanın bir çox aparıcı dövlətləri, beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamışdır. O, Azərbaycan neftini dünya miqyasında tanıtmağa müvəffəq olmuş və bu məqsədlə dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə “Əsrin müqaviləsi” – ni imzalamışdır. Sonrakı illərdə bu ölkələrin və şirkətlərin sayı da xeyli artmışdır. Hakimiyyəti dövründə Ümumilli Lider Heydər Əliyevin əsas hədəflərindən biri də hüquqi dövlət yaratmaq, ölkədə yaşayan hər bir vətəndaşın hüquqlarının qorunmasını təmin etmək, vətəndaş cəmiyyəti quruculuğu prossesi, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın əsasını qoymaq olmuşdur. Ümumilli Lider Heydər Əliyevin müdrik siyasəti və ölkəmizin suverenliyi uğrunda əvəzsiz xidmətlərini saymaqla bitirmək olmaz. Hakimiyyətdə olduğu müddətdə millətin məhəbbətini qazanmış dövlət xadimi, dünya miqyaslı siyasətçi, dahi şəxsiyyət Ümumilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə

Oxşar xəbərlər