
Prezident çıxışında demişdir: “44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur”.
Prezident İlham Əliyev çıxışında keçmiş köçkünlərlə çoxsaylı görüşlərindən və hazırda 300 mindən çox keçmiş köçkünün yataqxanalardan, uşaq bağçalarından yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülməsindən, bizdən sonra gələn gənc nəslin milli ruhda tərbiyə alaraq öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalarından geniş məlumat vermişdir. Prezident qeyd etmişdir ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin çox böyük rolu var: “İki tərbiyə mənbəyi var- ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır”.
Qarabağ Universitetinin infrastrukturundan, tədris korpuslarından, tələbə- müəllim heyətindən və növbəti illərdə bir neçə şəhəri: Xocalını, Şuşanı birləşdirən ali təhsil müəssisəsi kimi fəaliyyətindən danışan Prezident İlham Əliyev Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə olduğunu bildirmişdir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi tarixi torpaqlarımız olan Qarabağa düşmənçilik siyasəti nəticəsində köçürülən ermənilərə qarşı mübarizədə Ümummilli Lider Heydər Əliyevin rolu böyük olmuşdur: “Yenə də bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsə idi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı”. Çıxışının sonunda Prezident İlham Əliyev müəllim və tələbələrə uğur arzulayaraq təbrik etdi.
Sabunçu qəsəbəsi, 170 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Lamiyə Vəliyeva