Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.
44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur.
Mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.
Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik.
İki tərbiyə mənbəyi var - ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır.
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Ölkəmizin hər bir bölgəsindən tələbə var.
Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
rus dili müəllimi Məqsədi Qəniyeva

Oxşar xəbərlər