
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Müharibədən dərhal sonra isə işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında böyük quruculuq işlərinə başlandı. Bu günədək bərpa işlərinə büdcədən 7 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Azərbaycan bütün yaşayış məntəqələrini yeni yanaşmalar, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası əsasında bərpa etmək niyyətindədir. Yeni avtomobil yolları qurulur, dəmir yolu sistemi yaradılır ki, bu da qısa müddətdə daşımaların qardaş Türkiyə vasitəsilə Avropaya çatdıralacağına şərait yaradacaqdır. İndiyədək işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin iştirakı ilə ilk yaşayış məntəqələrinin bərpasına başlanılması ilə bağlı tədbirlər keçirilib. Məhz görülən bu işlər vətəndaşlarımızın öz evlərinə qayıtdıqdan sonra daha rahat yaşamasına hesablanıb. Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb, məcburi köçkünlərin Vətən həsrətinə son qoyulur və uzun illərdən sonra evlərinə geri dönürlər. Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdan həmvətənlilərimiz üçün hər cür yüksək şərait yaradılıb, onların bütün məsələlərinə, eləcə də məşğulluq siyasətinə yüksək dəstək verilir. Hər həftə işğaldan azad olunmuş ərazilərə geri qayıdan ailələrin sevinclərini görürük. Xalqımızın sevincin səbəbkarı isə Prezident, Müzəffər Ali Baş Komandanın iradəsi və Rəşadətli Azərbaycan Ordusunun şücaətidir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova