İllərlə həsrətini çəkdiyimiz Qarabağ indi bizimdir

İllərlə həsrətini çəkdiyimiz Qarabağ indi bizimdir
26 fevral gələndə hər kəsin qəlbində bir hüzn,sızıltı baş qaldırır. Bu sızıltı illərlə qəlbimizin dərinliyində yaşayır. Məhz 26 fevralda o ağrını,acını dilə gətiririk. Çünki o gün Xocalı qan ağlayırdı,insanlıq tarixində görülməmiş faciə baş vermişdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni silahlıları keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinə hücum etdərkən Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdi.
Xocalı soyqırımı xatırlananda vətən sevgisi olan hər bir azərbaycanlının gözləri önündə qan dondurucu vəhşiliklər canlanır.Həmin vəhşiliklər nəticəsində 613 nəfər qətlə yetirilmiş,150 insan itkin düşmüş,1000-dən çox insan girov götürülmüşdür.Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq,kütləvi qırğınlara məruz qalmışıq. Xocalı soyqırımı da Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Artıq o faciədən 32 il keçir.Yurdunu, yuvasını istəmədən,zorla tərk etmiş insanlar o torpaqlara ayaq basır. Torpağın sahibləri geri dönür. Şəhid qanı ilə yoğrulmuş torpağın üzərində artıq qəddar düşmən deyil, o torpağın əbədi sakinləri gəzir. Bu çox qürurvericidir. İllərlə həsrətini çəkdiyimiz Qarabağ indi bizimdir. Şəhidlik zirvəsinə ucalmış, zülm içində düşmən tərəfindən qətlə yetirilən insanların ruhu şaddır. Çünki 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz parlaq qələbə qazandı. 2023-cü il oktyabrın 15-də Azərbaycan bayrağı Xocalıda dalğalandı. Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan Azərbaycan igidlərinin, xalqının birliyini gördü. İgidlərimiz canı, qanı bahasına bizə miras qalan torpaqları düşmən tapdağından təmizlədilər.
İndi Xocalı cənnətə çevriləcək. Torpaqlarından məcburi şəkildə çıxarılmış insanların sevinci böyükdür. Onlara bu günü görmək qismət oldu. Həsrət içində ömür sürən insanlar yarım qalmış həyatlarını davam etdirəcəklər. Prezidentimiz İlham Əliyevin göstərişi ilə artıq quruculuq işləri davam etdirilir. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda,həm də Xankəndində həyat bərpa ediləcək,o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Biz birlik göstərən xalqıq və bu quruculuq işlərində də əl-ələ verib çalışacaq, yurdumuzu gözəlləşdirəcəyik.
Doğrudur, biz torpağımızı dirçəldəcəyik, həyat verəcəyik. Lakin keçmişimizi unutmayacağıq, Xocalıda törədilənləri yaddan çıxarmayacağıq. Körpələrin ahı,anaların naləsi,qocaların göz yaşı illər keçsə də,qəlbimizi göynədəcək. Xocalı sakinlərini soyqırıma məruz qoymuş erməni quldurlarının tutulub ədalət məhkəməsinə veriləcəyinə,amansız canilərin məsuliyyətə cəlb olunacağına, cəzalandırılacağına inanırıq. Erməni qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılması, dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmaqdadır.


Maştağa qəsəbəsi, 108 nömrəli məktəbin
müəllimi Günel Əliyeva

Oxşar xəbərlər