Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir

Xocalı  soyqırımı işğalçı  və  cinayətkar  erməni  siyasətinin  nəticəsidir
O, vahiməli və faciəli gündən bizi 31 il ayırır. 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, o zaman Xankəndində yerləşən sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərini vandalcasına işğal etdilər.
O gün erməni faşistləri, balaca şəhərin əhalisinə vəhşicəsinə hücum edərək şəhəri viran qoydular. Şəhərə hücum çəkən yaraqlılar artilleriyadan istifadə edərək evləri, ictimai-iaşə obyektlərini və aeroportu dağıtdılar. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı insan olmaqla 613 nəfər dinc azərbaycanlı qətlə yetirildi, 1275 sakin isə girov götürüldü. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdür. Uşaqlar valideynlərinin gözləri qarşısında vəhşicəsinə qətlə yetirildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxu yolda dondu, qar uçqunlarına düşdü.
Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqibinə məruz qalmış bir xalq” kimi təqdim edən ermənilərin xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.
Lakin ermənilərin törətdikləri bu vəhşiliklər xalqımızı sındırmadı. Düşmənin məqsədi xalqımızı sarsıtmaq, mübarizədən çəkindirmək, torpaqlarımızı işğal etmək olsa da, o buna nail ola bilmədi. Xocalı Şəhidlərinin qanı yerdə qalmadı.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi, “dəmir yumruq” qalib gəldi. Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı.
Hal-hazırda Xocalının 11 kəndi işğaldan azaddır. Biz inanırıq ki, tezliklə bütün Xocalı azadlığına qovuşacaq, Xocalı sakinləri yenidən öz yurdlarına qayıdacaqlar.
Ermənilərin törətdiyi bu cinayət isə cəzasız qalmamalıdır. Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Lalə Mustafayeva

Oxşar xəbərlər