Azərbaycan-Gürcüstan münasibətləri daha da genişlənir

Azərbaycan-Gürcüstan münasibətləri  daha da genişlənir
Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib.
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.
Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bununla bağlı bildirib ki: “Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur. ... strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik”.
1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.
Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var. Milli Məclisin sədri Sahibə Qafarova ötən il Gürcüstana rəsmi səfər edib. Gürcüstan parlamentinin sədri Ş.Papuaşvili isə bu ilin mayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasda iştirak məqsədilə ölkəmizə səfərə gəlib.
Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür.
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə də münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası ötən il dekabrın 15-də Tbilisidə baş tutub.
Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb.
Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.
Gürcüstanda, həmçinin azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir.
Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.
Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

Bakıxanov qəsəbəsi,74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Sevda Həbibova

Oxşar xəbərlər