
Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Günümüzün əsas müzakirə mövzularından biri də bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasıdır. Tarixi Zəfərimizin yaratdığı reallıqlar yeni əməkdaşlıq formatlarının həyata vəsiqə almasına yol açır. Bu da öz növbəsində Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin qısa zamanda imzalanmasını bir tələbə çevirir. Dövlət başçısı İlham Əliyevin Gürcüstan səfəri zamanı bu məsələ də əsas müzakirə mövzusu oldu. Prezident İlham Əliyev ümid etdiyini bildirdi ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Səfər çərçivəsində Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanılması haqqında fikir mübadiləsinin aparılması da bunun təsdiqidir.
Regional əməkdaşlığın aparıcı qüvvələri olan Azərbaycan, Türkiyə və Gürcüstan beynəlxalq əməkdaşlıqda da öz sözlərini deyir, ölkələrimizin möhkəm təmələ əsaslanan əlaqələrini daha da sarsılmaz edir. Bu birlik, həmrəylik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.
Vidadi Orucov-Bakı Dövlət Sosial iqtisad Kollecinin direktoru