
Bu gün müstəqil respublikamız davamlı şəkildə inkişaf edir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini davam etdirən cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətilə ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bütün bunlar Qarabağın azad olunmasına şərait yaratdı. Xarici siyasətdə bütün dövlətlərlə qurulan möhkəm bağlar və düzgün anlaşmalar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında əsas amil oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Ümummilli Liderin bütün istək və arzularını həyata keçirən cənab Prezident İlham Əliyev buna nail oldu. Cənab Prezident atasının vəsiyyətini yerinə yetirərək bir daha milli ideologiyalara, Heydər Əliyevin siyasi xəttinə sadiqliyini nümayiş etdirdi. Ürəyi Qarabağla döyünən, onun işğalı ilə barışmayan Ümummilli Liderin vəsiyyəti yerinə yetirildi. Azərbaycan müstəqil, demokratik və ərazi bütövlüyü təmin olunmuş bir dövlətə çevrildi.