Azərbaycan - Tacikistan münasibətləri tarixi köklərə, ənənələrə əsaslanır və son illər yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan - Tacikistan münasibətləri tarixi köklərə, ənənələrə əsaslanır və son illər yüksələn xətt üzrə inkişaf edir
Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə inkişafın yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər Azərbaycan ilə əməkdaşlığa can atır və bu ölkələr arasında Mərkəzi Asiya dövlətləri önəmli yer tutur. Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu əlaqələrin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir.
Bu münasibətlər arasında Tacikistanla olan münasibətlərdə böyük əhəmiyyət kəsb edir.
Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 8 may 1998-ci il mayın 8-də Ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi çərçivəsində Tacikistan Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyev digər ölkələrlə yanaşı, Tacikistanla da münasibətlərin yüksələn xətt üzrə inkişafına nail olub.Ümumiyyətlə Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanıb. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub. Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün Tacikistan hökumətinin müraciətini nəzərə alaraq Azərbaycan 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Tacikistana bir milyon ABŞ dolları məbləğində humanitar yardım edib. Dərin tarixi köklərə söykənən Azərbaycan - Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb.
Azərbaycan - Tacikistan münasibətləri tarixi köklərə, ənənələrə əsaslanır və son illər yüksələn xətt üzrə inkişaf edir. Dövlətimizin rəhbəri cənab İlham Əliyevin bu ölkəyə səfəri, səmimi şəkildə keçən görüşlər, imzalanan sənədlər, mətbuata verilən açıqlamalar bunu deməyə əsas verir. Azərbaycanın xarici siyasət kursu qonşularla, dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmaq və münasibətləri qarşılıqlı faydalılıq prinsipi əsasında daha da möhkəmlətmək kimi fundamental prinsiplərə əsaslanır. Daim milli maraqlardan çıxış edən respublikamız, eyni zamanda, beynəlxalq hüquqa, tərəfdaşlıq münasibətlərindən irəli gələn öhdəliklərə böyük hörmətlə yanaşır. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu kontekstdə Azərbaycanın Tacikistanla münasibətlərinin dərinləşməsi və yeni istiqamətləri əhatə etməsi də diqqətəlayiq haldır.
Daim bir-birinə xoş məram nümayiş etdirən Azərbaycanla Tacikistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərləri müstəsna əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti və qardaş ölkənin Prezidenti istər qarşılıqlı səfərlər zamanı, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə çoxsaylı görüşlər keçiriblər. Belə görüşlərdə bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar. Cənab Prezident İlham Əliyevin dost ölkəyə dövlət səfəri, Prezident Emoməli Rəhmonla aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi üçün real zəmin yaratdı. Ümumiyyətlə, Azərbaycan və Tacikistan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Cənab Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edən dövlət səfəri, həmçinin Prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Azərbaycan Prezidentinin dost ölkəyə dövlət səfəri və əldə edilən razılaşmalar isə inkişaf etməkdə olan münasibətləri daha da zənginləşdirəcək. Ümidvarıq ki, iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Azərbaycan Tacikistanla hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. İki ölkə arasında münasibətlərin bu cür dinamik inkişafı iqtisadi sahədə yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər