Son 30 ildə ermənilərin torpaqlarımızı işğal etmələri, milyonlarla insanın öz yurdundan didərgin düşmələri səbrimizi tükətmiş və öz ərazimizdə öz torpaqlarımız uğrunda haqlı mübarizəmizə səbəb olmuşdur

Son 30 ildə ermənilərin torpaqlarımızı işğal etmələri, milyonlarla insanın öz yurdundan didərgin düşmələri səbrimizi tükətmiş və öz ərazimizdə öz torpaqlarımız uğrunda haqlı mübarizəmizə səbəb olmuşdur
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 22 iyul tarixində “Euronews” televiziyasına müsahibəsində bir sıra məqamlara toxunub. Cənab prezident jurnalistin suallarına ətraflı, dəqiq və adekvat cavabları ilə bir daha müharibə və postmüharibə dövründəki həqiqətləri dünya mediasına çatdırıb. Belə müsahibələrin məhz işğaldan azad edilmiş ərazilərdə, xüsusilə, Şuşada keçirilməsi isə diqqətəlayiq və qürurvericidir. Jurnalistin Laçın dəhlizi ilə bağlı sualını prezident İlham Əliyev bir neçə prizmadan cavablandırıb. Bunlardan biri də Laçın dəhlizi vasitəsilə ermənilərin müharibədən 2 il sonra dəmir, qızıl mədənlərindəki qiymətli metalları, təbii sərvətlərimizi öz ölkələrinə daşıması ilə bağlı yaranmış haqlı iradımızdan ibarət idi. Məlum olduğu kimi bu məsələ ilə bağlı vətəndaş cəmiyyəti öz münasibətini bildirmiş və Laçın dəhlizində gənc könüllülərdə daxil olmaqla dinc etiraz aksiyası keçirmişdilər. Amma bu yolun bağlanmasına səbəb olmamış, onlar yoldakı hərəkəti dayandırmamışdı. Bu proses sadəcə yola nəzarətdən ibarət idi. Müharibədən öncəki zamanda da ermənilər bu acgöz, tamahkar davranışları edirdilər və təəssüf ki, torpaqlarımız işğalda olduğu üçün biz buna mane ola bilmirdik. İndi isə siyasi mənzərə fərqlidir. Vətəndaş cəmiyyətinin nümayəndələri haqlı olaraq etiraz aksiyaları keçirib uğurlu nəticə əldə edə bildilər və yolda sərhəd keçid məntəqəsinin qurulması təmin edildi. Məntəqənin qurulmasından, yəni aprelin 23-dən sonra 2000-dən çox erməninin öz ölkələrinə maneəsiz gedişinin təmin olunduğunu prezidentimiz müsahibəsində bildirmişdir.
Müsahibə zamanı jurnalist “Sonda sizi dinləyəcək ermənilərə mesajınız varmı?” deyə sual ünvanladı. Prezidentimizin verdiyi mesaj sülh və ədaləti özündə birləşdirərək onlara indiyə qədər öz siyasi xadimlərinin yalnız öz mənfəətlərini güdərək verdikləri yalan vədlərə daha inanmamalı olduqlarını, real vəziyyəti və geosiyasi mənzərəni düzgün qiymətləndirərək seçim etməli olduqlarını bildirdi. “Bu seçim onlar üçün yaxşı və daha yaxşı arasında deyil, bu seçim onlar üçün çox pis və qəbulolunan arasındadır. Onlar qondarma liderlərin və öz mənfəətini güdən rejimin girovuna çevrilməməlidirlər”.
Müharibə, insan tələfatları əlbəttə ki, arzuolunan deyil. Biz xalq olaraq heç vaxt müharibə istəməmişik. Biz həmişə sülh tərəfdarı olmuşuq. Lakin təəssüflər olsun ki, əsrlər boyu torpaqlarımız zəngin təbii sərvətlərə malik olduğundan zaman-zaman işğallara məruz qalmışdır. Son 30 ildə ermənilərin torpaqlarımızı işğal etmələri, milyonlarla insanın öz yurdundan didərgin düşmələri səbrimizi tükətmiş və öz ərazimizdə öz torpaqlarımız uğrunda haqlı mübarizəmizə səbəb olmuşdur. Prezidentimizin də dediyi kimi biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz xalq olaraq prezidentimizin fikirlərinə qatılır, tezliklə sülhün təmin edilməsinə ümid edirik. İnanırıq ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində azərbaycan və erməni xalqlarının qonşu dövlətlər olaraq eyni coğrafiyada sülh içində yaşayışına nail olunacaq.

Maştağa qəsəbəsi,187 nömrəli tam orta məktəbin
biologiya müəllimi Əzizə İbrahimli

Oxşar xəbərlər