Biz daha torpaqlarımızın işğal olunduğu deyil, işğaldan azad olunduğu günləri qeyd edirik

Biz daha torpaqlarımızın işğal olunduğu deyil, işğaldan azad olunduğu  günləri qeyd edirik Azərbaycan xalqı müdrik, əyilməz, yenilməz bir xalqdır. Biz heç vaxt heç kimə baş əyməyəcəyik. Bu gün məhz cənab Prezidentin apardığı siyasət nəticəsində xalqımızın arzusu reallaşdı. Qarabağımız düşmən tapdağından azad olundu və torpaq həsrətinə son qoyuldu. Güclü ordumuz, vətənimizin igid oğulları bir yumruq olub torpaqlarımızın geri qaytarılması uğrunda canlarından keçdilər, adlarını tarixə qızıl hərflərlə yazdılar.

Artıq müharibənin başlanmasından bir il ötür. 27 Sentyabr tarixində şəhidlərimizin ruhuna ehtiram göstərmək, onların xatirəsini əziz tutmaq məqsədilə Azərbaycanda Anım Günü keçirildi.

Sevindirici haldır ki, biz daha torpaqlarımızın işğal olunduğu deyil, işğaldan azad olunduğu günləri qeyd edirik. Bu qürur dolu anları bizə yaşatdığına görə Azərbaycan xalqının mərd oğullarına və Prezident İlham Əliyevə minnətdarıq.

2 oktyabr 2021-ci il tarixi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İspaniyanın EFE İnformasiya Agentliyinə müsahibəsi ilə yadda qaldı. Bütün çıxışlarında olduğu kimi biz yenə əmin olduq ki, bundan sonra da xalqımızı işıqlı gələcək gözləyir. İlham Əliyev yenə də bu çıxışı ilə torpaqlarımıza göz dikən, tariximizi, keçmişimizi əlimizdən almaq istəyən riyakarlara qarşı silah oldu.

Cənab Prezident müsahibəsi ilə bir daha sübut etdi ki, biz sülhsevər millətik. Sülh tərəfdarı kimi çıxış edərək bildirdi ki, Ermənistandan fərqli olaraq bizim mövqeyimiz dəyişməzdir, müharibədən sonra da olduğu kimi qalır. Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istədiyini, həmçinin gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə hazır olduğunu qeyd edir.

Unutmaq olmaz ki, Azərbaycan humanist ölkədir. Öz tarixi, əzəli torpaqlarını müharibə yolu ilə geri qaytarsa da, dünya hərb tarixində humanistliyi və beynəlxalq hüquqa hörmətlə yanaşması ilə fərqləndi. Ermənistana təhvil verilən əsirlər vətənlərinə qayıtdıqdan sonra mediaya açıqlamalarında etiraf ediblər ki, bütün əsirlərlə beynəlxalq tələblər səviyyəsində davranılıb. Lakin müharibədən iki həftə sonra- dekabrın əvvəlində 62 erməni terrorçu işğaldan azad olunmuş ərazilərdə əhaliyə hücum etmişdir. Onlar müharibə əsirləri sayılmırlar. Prezident öz çıxışında bildirir ki, yalnız müharibə dövründə əsir düşənlər müharibə əsirləri sayılır. Terrorçulardan bir neçəsinin vətənlərinə qaytarılmasının səbəbi isə sülhsevərliyimizin sübutudur.

Jurnalistin “Mülki əhalinin işğaldan azad olunan ərazilərə nə zaman qayıda biləcəyini təxmin edirsiniz?” sualına belə cavab verir: “Əlbəttə, burada ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik. Minaları təmizlədiyimiz yerlərdə mülki əhali üçün şəhərləri, qəsəbələri, kəndləri tikməyə başlamışıq”.

Bəli, çox az zaman qalıb ki, o ərazilərə də həyat qayıdacaq, yerli əhali öz doğma yurdlarına qayıdacaq, yenə həmin torpaqlarda toy-bayram olacaq.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyatı müəllimi Lumuxanım Əsgərova

Oxşar xəbərlər