Biz bir olduq!

Biz bir olduq!
Müharibə təkcə hərb, güc, döyüş demək deyil, o, həm də zəkaların savaşıdır. Adları dünya hərb tarixinə yazılan sərkərdələr həm də ağlın, düzgün strategiyanın sayəsində döyüş meydanlarını qalib kimi tərk ediblər. Müharibələrin də mərhələləri olur və həlledici döyüşləri, taktiki gedişləri ilə yadda qalır. Elə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qələbəmizi təmin edən “Dəmir yumruq” kimi...
Müharibənin ilk başladığı andan ordumuz uğurlu əkshücum əməliyyatları keçirərək irəliləməyə başladı. Ard-arda gələn qələbə xəbərləri xalqda və eyni zamanda ordu daxilində ruh yüksəkliyi yaradır, qələbəyə olan inamı daha da artırırdı. Prezidentimizin də dediyi kimi bizim bir əsgərimiz belə geri çəkilmədi, qaçmağa çalışmadı. Hərçənd ki, orda döyüşən əsgərlərin çoxu o torpaqları real olaraq görməmiş, sadəcə söhbətlərdə eşitdiyi kimi təsvir etmişdi. Amma buna baxmayaraq onlar qəhrəmanlıqla, əzmlə döyüşürdülər. Çünki ürəkdəki vətən sevgisi, öz yurduna bağlılıq onlara bu mübarizəni müqəddəs etmişdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici media nümayəndələri ilə müsahibəsi zamanı çıxışları dünya mediasında maraqla qarşılanır, müharibə həqiqətlərinin dünya xalqları tərəfindən bilinməsinə, bizim ərazi bütövlümüz uğrundakı mübarizəmizə düzgün baxışın, ədalətli yanaşmanın yaranmasına səbəb olurdu. Eyni zamanda prezidentimizin verdiyi qələbə xəbərləri xalqda da ruh yüksəkliyi yaradırdı. Hər gün səbrsizliklə prezidentin çıxışı gözlənilir, hansı torpaqların işğaldan azad olunması barədə məlumatlar alınırdı. Prezidentimizin çıxışı zamanı yumruq göstərməsi əks hücum əməliyyatının “Dəmir yumruq” adlanması ilə nəticələnmişdi. Bu təsadüfi deyildi. Xalq-iqtidar birliyinin rəmzi idi. Müharibədə sadəcə texnika gücü ilə qalib olunmaz. Əsl qalibiyyətə aparan yol xalqın orduyla bir olmasıdır. Necə deyərlər “El bir olsa dağ oynadar yerindən”.
Bəli! Biz bir olduq! Dəmir yumruğa çevrilərək illərlə sinəmizə çəkilən dağı yerindən oynatdıq. Birliyimizdən doğan gücümüz sayəsində Şuşanın alınmaz dağlarına əliyalın dırmandıq. Bununlada düşmən qarşısındakı xalqın, ordunun, torpaqların əsl sahibinin kim olduğunu anladı və kapitulyasiya aktına imza atdı. “Zəfər günü” xalqımızın sevinci sadəcə işğaldan azad olunan torpaqlar deyildi. Bu sevincin səbəbi həm də milli dəyərlərimizin qayıdışı, milli məfkurəmizin yenidən oyanışı, mənəvi azadlığımızın işğaldan qurtulması idi. Biz 44 günlük şanlı qələbəmizdə bir daha necə mərd, daim bir-birinin yanında olan, sevincindən pay alib, dərdinə şərik olan bir xalq olduğumuzu nümayiş etdirdik. Biz Ali baş komandanın ətrafında birləşərək “Dəmir yumruq” olduq. Onun bir kəlməsi ilə neçə-neçə gənc orduya axın etdi. Azyaşlısından tutmuş qocasına kimi, ziyalısı, fəhləsi bu ölkənin hər bir vətəndaşı bir oldu, yumruq oldu.
Ordu və xalq birliyi, arxa cəhbənin də ön cəhbə kimi mübarizəyə qoşulması, müxtəlif sahələrdə internet müharibəsi mübarizəmizdəki birliyi, qətiyyəti, iradə gücünü təccəssüm etdirirdi.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
biologiya müəllimi Əzizə İbrahimli

Oxşar xəbərlər