Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb.
İlk öncə onu qeyd etmək lazımdır ki, “Euronews” kanalı istər avropa istərsə də dünyada nüfuzu, tamaşaçı, dinləyici və oxucu auditoriyası ilə çox nüfuzlu kanaldır. Əlbəttə ki, sözügedən kanala müsahibəsində Cənab Prezident İlham Əliyevin əhatəli dəqiq cavabları konkret mövzular üzrə aydın mənzərəni gözlər önünə sərməyə kifayət edir. Aydındır ki, 2020-ci ildəki 44 günlük “Vətən müharibəsində” qələbəmiz və sülh razılaşmasından sonra gərginlik hələ də tam aradan qalxmayıb. Cənab İlham Əliyev müsahibəsində qeyd etdi ki : “Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Buna baxmayaraq biz qalib gəldik. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq”.
Bundan başqa Prezident İlham Əliyev bölgədə dayanıqlı sülhə nail olmaq üçün keçirilən görüşlərə və sülh üçün vasitəçilər mövzusuna də toxunub. Brüssel görüşlərinin vacibliyini qeyd edib. Son dönəmdə Qarabağın erməni əhalisinin aid olduqları ölkəyə - ədalətli Azərbaycan Respublikasına inteqrasiyası mövzusu da güncəldir. Müsahibədə bu güncəl mövzu da diqqətdən qıraqda qalmayıb. Prezident jurnalistin sualına cavabında dövlətimizin, xalqımızın ədalətli və ləyaqətli mövqeyini bir daha parlaq şəkildə şərh edib. Əminliklə qeyd etmək olar ki, Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibə dünya ictimaiyyətinə ölkəmizin bölgədə davamlı və dayanıqlı sülhün qarantı olduğu mesajını vermişdir.
Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev