Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi

Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini       müəyyən etdi


Xalqların inkişaf tarixi bitməyən böyük bir yoldur. Zaman dəyişdikcə, dövrlər, reallıqlar bir-birini əvəzlədikcə bu yol da davam edir.
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi indiki milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai- siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc müstəvisində sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Hazırda inamla irəliləyən ölkəmizdə müstəqil siyasət, müstəqil dövlətçilik, müstəqil xarici siyasət, müstəqil daxili siyasət milli ideologiyanın əsas prioritetləridir.
Azərbaycanın sürətli inkişafı və əldə edilmiş mühüm tarixi nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: "Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər". Bu gün xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərini də müəyyənləşdirir. İlk növbədə rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində

çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb. Bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi isə Azərbaycanın milli tərəqqisini sürətləndirən, gücünü artıran başlıca strateji komponent qismində çıxış edir. İnsana qayğı, vətəndaşların maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı müstəqil daxili siyasətin mühüm prinsiplərindəndir. Bu siyasətin başlıca məqsədi sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Hazırda bu istiqamətdə böyük uğurlar əldə edilir. Azərbaycan Prezidenti hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayır ki, layiqli sosial siyasət gələcəkdə də Azərbaycan hökuməti üçün prioritet olaraq qalacaqdır.
Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq İctimaiyyət tərəfindən də qəbul olunan sülh gündəliyi və gələcək əməkdaşlığa dair təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. Dövlət rəhbərimiz çıxışlarının çoxunda bu məsələlərlə bağlı aydın izahlar verir, Azərbaycanın konstruktiv mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Regiondakı siyasi proseslərə maraq göstərən ictimai xadimlərlə daim fəal söhbətlər aparır. Öz prinsiplərini ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi təcrübəsinin ədalət naminə bütün ölkələr üçün əhəmiyyətli olmasının zəruriliyini göstərir. Heç vaxt İşğalla barışmamağı, öz resurslarına bel bağlamağı, müstəqil siyasətin önəmini əsas prinsip olaraq irəli sürür. Azərbaycanın bütün münaqişələrin həllində beynəlxalq hüququn prinsiplərini rəhbər tutduğunu vurğulayır.
Azərbaycan son onilliklərdə bütün dünyada multikulturalizmi, tolerantlığı, fərqli mədəniyyətlər arasında qarşılıqlı hörmət mühitini təşviq edən aparıcı Ölkələrdəndir. "Bakı prosesi" bu istiqamətdə böyük uğur qazanıb. Çoxmillətli ölkə olan Azərbaycanın tarixi təcrübəsi, əsrlərlə formalaşmış milli ənənələri xalqlar arasında sülhün əldə olunmasına aydın istiqamətlər verir. Əlbəttə, müharibənin ağrı-acılarını unutmaq, vurduğu yaraları sağaltmaq hər iki tərəf üçün çox çətindir və heç mümkün də deyil. Amma bu faciələrin gələcəkdə bir daha təkrarlanmaması üçün xalqlar barış naminə ortaq imkanlar tapıb onlardan faydalanmağı bacarmalıdırlar. Dövlət rəhbərimizin apardığı müstəqil siyasət, postmünaqişə dövrünün reallıqlarını təmkinlə, bölgənin gələcəyini aydın nəzərlərlə dəyərləndirməsi, qonşuluq məsələlərinə baxışları regionda gözəl bir inkişaf mühitinin təmin olunmasına imkanlar yaradır. Azərbaycan öz məqsədyönlü, müstəqil siyasətinə uyğun olaraq dünyanın əksər aparıcı qurumları kimi, Avropa İttifaqı ilə münasibətlərini də qarşılıqlı fayda və maraqlar üzərində qurur. Azərbaycan regionda sülh və davamlı inkişaf arzuladığı kimi, Avropa İttifaqı da öz sərhədlərində sabitlik istəyir.
Bütün bunlar bir daha Azərbaycanın müstəqil siyasətini, regionun gələcəyi ilə bağlı səmimi niyyətlərini göstərir. Bu isə ölkəmizin milli ideologiyaya əsaslanan maraqlarının müəyyən etdiyi inkişaf yoludur.




Maştağa qəsəbəsi, C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini Turan Cəbiyeva

Oxşar xəbərlər