
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan təşəbbüskarı və tərəfdaşı qismində çıxış etdiyi enerji layihələrində enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti öz siyasi xəttində əsas tutur, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa çalışır və enerjini siyasi alət kimi istifadə etmir. Bu mühüm faktları əsas götürərək Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərmişdir və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış etmişdir. Bu baxımdan da yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüş deyilənlərin reallığıdır. Bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir.
Bütövlükdə, bu hadisə Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Eyni zamanda, bu fakt türk birliyinin, türkdilli ölkələr arasında münasibətlərin güclənməsini də özündə ifadə edir. Düşünürəm ki, düşünülmüş və uzaqgörən siyasət nəticəsində türk dövlətləri və xalqları arasında əlaqələr daha da möhkəmlənəcək və regional güc amilinə çevriləcək.
Əhmədova Ayşən, 128 saylı tam orta məktəbin ibtidai sinif müəllimi